“Daşkəsən rayonunda məktəblərin qida təhlükəsizliyi və sağlam qidalanmanın təşkili” mövzusunda tədbir keçirilib
Mayın 5-də Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən Regional Bölməsinin əməkdaşları tərəfindən keçirilən maarifləndirici tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun nümayəndələri, qida bloku olan ümumtəhsil müəssisələrinin rəhbərliyi, müəllimlər, bufet operatorları və şagirdlər iştirak ediblər.
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.5-ci bəndinin icrası məqsədi daşıyan tədbir, eyni zamanda məktəb bufetlərinə nəzarətin gücləndirilməsini, sanitar-gigiyenik qaydalara riayət olunmasının təmin edilməsini, şagirdlər arasında sağlam qidalanma vərdişlərinin təşviqini, normativ tələblərə uyğun olmayan məhsulların satışının qarşısının alınmasını və məsul şəxslərin cavabdehliyinin artırılmasını nəzərdə tutur.
Görüş zamanı Agentliyin mütəxəssisləri iştirakçılara qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ-hüquqi aktların tələbləri, məktəb bufetlərində tətbiq olunan sanitar-gigiyenik və texniki-normativ qaydalar barədə məlumat veriblər. Həmçinin qida məhsullarının düzgün saxlanması, daşınması və istehlak şərtləri, qida zəhərlənmələrinin profilaktikası və qarşısının alınması yollarından danışıblar.
Sonda iştirakçıların sualları cavablandırılıb.






