Daşkəsən rayonunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual yarış keçirilib
Fevralın 27-də Daşkəsən Rayon İcra Hakimiyyəti, Daşkəsən rayonu üzrə Təhsil Sektoru və İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin Daşkəsən bölməsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin komandaları arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş bilik yarışı baş tutub.
Yarışın məqsədi gənc nəsilin konstitusiya, dövlətçilik və suverenlik haqqında biliklərini artırmaq, onların hüquqi maarifləndirilməsini gücləndirmək və vətənpərvərlik ruhunu inkişaf etdirmək olub.
Yarışdan əvvəl Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümumilikdə 85 nəfər məktəbli olmaqla, 17 komanda qalibiyyət uğrunda mübarizə aparıb. Məktəblilər Azərbaycan Respublikasının Konstitusiyası, dövlət rəmzləri, hüquq sistemi, vətəndaş hüquq və vəzifələri, suverenlik və müstəqillik tarixi barədə suallara cavab veriblər. Eyni zamanda Konstitusiyanın onlara verdiyi hüquq və azadlıqlar, dövlətin əsas qanunları və suverenliyin mahiyyəti barədə daha ətraflı məlumat əldə ediblər.
Gərgin mübarizə şəraitində keçən yarışda Əmirvar kənd H.Qasımov adına tam orta ümumtəhsil məktəbinin "Turan Birliyi" komandası 1-ci, S.Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin "Zəfər Yolu" komandası 2-ci, Bayan kənd M.Mustafayev tam orta ümumtəhsil məktəbinin "Alfa" komandası 3-cü yerə layiq görülüb. Qalib komandalar mükafatlandırılıb.