Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən rayonunda kənd təsərrüfatının inkişafına dair Qərargahın ilk iclası keçirilib

17 iyul 2026 | 14:43

İyulun 17-də Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədilə yaradılmış rayon Qərargahının ilk iclası keçirilib. İclasda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Qərargahın üzvləri, aparatın məsul əməkdaşları və fermerlər iştirak ediblər.

İcra başçısı Orxan Abbasov giriş nitqində bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" ölkədə aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, kənd yerlərində məşğulluğun artırılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və müasir kənd təsərrüfatı istehsalının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Daşkəsən rayonunda da Dövlət Proqramının icrasının səmərəli təşkili məqsədilə yaradılmış Qərargah qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsini və fermerlərlə sıx əməkdaşlığın təmin edilməsini həyata keçirəcək.

Daşkəsən Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Vüsal Rzayev çıxışında Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin rayon üzrə icrasına dair işlər barədə ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, Proqramın əsas məqsədi aqrar sahədə istehsalın səmərəliliyinin artırılması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, torpaq və su ehtiyatlarından səmərəli istifadə, fermerlərin dövlət dəstəyi mexanizmlərindən daha geniş faydalanmasının təmin edilməsidir. Dövlət Proqramında bitkiçilik və heyvandarlıqla yanaşı, balıqçılıq və akvakultura sahələrinin inkişafı, bu istiqamətdə yeni istehsal imkanlarının yaradılması, emal infrastrukturunun təkmilləşdirilməsi və sahibkarlığın təşviqi prioritetlər sırasındadır. Aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində Proqramdan irəli gələn tədbirlərin rayonda vaxtında və keyfiyyətlə icrası təmin ediləcəkdir.

Daşkəsən Rayon Statistika İdarəsinin baş məsləhətçisi Nicat Əliyev isə rayonun mövcud aqrar statistikası, "Ev təsərrüfatlarının uçotu kitabı"nda əks olunan məlumatlar və kənd təsərrüfatı sahəsində aparılan statistik müşahidələrin nəticələri barədə danışıb. Vurğulayıb ki, etibarlı statistik məlumatlar reallaşdırılacaq tədbirlərin düzgün planlaşdırılmasında, mövcud potensialın qiymətləndirilməsində və görülən işlərin yekunlarının təhlilində əhəmiyyət daşıyır. Statistik məlumatların dəqiq aparılması aqrar sahədə real vəziyyətin müəyyənləşdirilməsi və dövlət dəstəyi mexanizmlərinin daha səmərəli tətbiqi üçün vacibdir.

İclasda çıxış edən fermerlər - "Ağbaba" fermer təsərrüfatının rəhbəri Etibar Alıyev və bitkiçilik sahəsi üzrə təsərrüfat rəhbəri Əmrah Qurbanov Dövlət Proqramının kənd təsərrüfatının inkişafı üçün yaratdığı imkanları yüksək qiymətləndirərək, göstərilən dəstəyə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar fəaliyyətləri zamanı qarşılaşdıqları bəzi məsələləri diqqətə çatdırıb, aqrar sahənin inkişafı ilə bağlı təkliflərini səsləndiriblər.

Müazkirələrin yekununda rayon rəhbəri Orxan Abbasov aiddiyyəti üzrə tapşırıq və tövsiyələrini verib, fermerləri dövlətin təqdim etdiyi dəstək mexanizmlərindən faydalanmağa çağırıb.

Keçidlər