Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən rayonunda “İcra hakimiyyətlərində kibermaarifləndirmə və süni intellektdən təhlükəsiz istifadə” mövzusunda maarifləndirici təlim keçirilib

28 oktyabr 2026 | 18:02

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.1.13-cü və 8.4.6-cı yarımbəndlərinə, habelə “Yerli icra hakimiyyəti orqanlarının rəqəmsallaşma üzrə Yol Xəritəsi”nə uyğun olaraq təşkil edilən təlimin məqsədi yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarının kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması və süni intellekt texnologiyalarından məsuliyyətli istifadənin təşviq edilməsi olub.

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi tərəfindən təşkil olunan təlim zamanı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin mütəxəssisi Nadir Cabbarlı iştirakçılara kibertəhlükəsizlik qaydaları, fərdi və xidməti məlumatların qorunması, güclü şifrələrdən istifadə, fişinq hücumlarının və digər kiberhücumların müəyyən edilməsi, şübhəli elektron məktublara və keçidlərə qarşı diqqətli davranış barədə ətraflı məlumat verib. Həmçinin süni intellekt texnologiyalarının dövlət idarəçiliyində tətbiqi imkanları, bu texnologiyalardan istifadə zamanı məlumatların məxfiliyinin qorunması, təqdim edilən məlumatların düzgünlüyünün yoxlanılması və süni intellekt vasitəsilə yaradılan məzmunun qiymətləndirilməsi məsələlərini diqqətə çatdırıb.

Təlim çərçivəsində rəqəmsal resurslardan təhlükəsiz istifadə, xidməti məlumatların üçüncü tərəf platformalarına ötürülməsi zamanı yarana biləcək risklər və kibertəhlükəsizlik insidentləri ilə qarşılaşdıqda görülməli tədbirlər barədə praktiki tövsiyələr verilib, iştirakçıların sualları cavablandırılıb. Qeyd olunub ki, dövlət idarəçiliyində rəqəmsal həllərin geniş tətbiqi şəraitində kibertəhlükəsizlik qaydalarına riayət edilməsi, əməkdaşların rəqəmsal savadlılığının artırılması və süni intellektdən təhlükəsiz istifadənin təmin olunması böyük əhəmiyyət daşıyır.

Təlim öncəsi və sonrası yazılı sorğu keçirilərək iştirakçıların məlumatlılıq səviyyəsi də qiymətləndirilib.

Keçidlər