Daşkəsən rayonunda 5 iyun – Su təsərrüfatı və meliorasiya işçiləri günü peşə bayramı qeyd olunub
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 14 may 2014-cü il tarixli Sərəncamına əsasən, hər il iyunun 5-i ölkəmizdə Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
İyunun 5-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Daşkəsən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi vəzifəsini icra edən Şəmil Ziyadov və idarənin əməkdaşları bu münasibətilə Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov peşə bayramı münasibətilə başda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov olmaqla bütün su təsərrüfatı və meliorasiya işçilərini təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Həmçinin dövlət tərəfindən su təsərrüfatı və meliorasiya işçilərinə göstərilən diqqət və qayğıdan söz açıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyası Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində digər sahələrlə yanaşı, su təsərrüfatı sektorunda da mühüm nailiyyətlər əldə olunub, əhalinin içməli su təchizatı və kənd təsərrüfatı sahələrinin suvarma imkanlarının yaxşılaşdırılması üçün genişmiqyaslı layihələr həyata keçirilib. Bu sahədə işlər Daşkəsən rayonunda da ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir.
Sonda xatirə şəkli çəkdirilib.






