Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən rayonunda 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub

23 iyun 2025 | 16:02

23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHBA-nın kollektivi Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstələri düzüblər, xatirəsinə ehtiramlarını bildiriblər.

Rayon İcra Hakimiyyətinində davam etdirilən tədbir müasir müstəqil Azərbaycan Respublikasının qurucusu Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqində deyib:

– Bu gün ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı günüdür. BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı iləiyunun 23-ü Azərbaycanda da dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd edilir.

Bu əlamətdar gün münasibətilə Daşkəsən rayonunda fəaliyyət göstərən bütün dövlət qulluqçularını səmimi qəlbdən təbrik edir, ölkəmizə, dövlətçiliyimizə və xalqımıza göstərdikləri sədaqətli xidmətlərinə görə təşəkkürümü bildirirəm.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulmuş müstəqil Azərbaycanın müasir dövlət idarəetmə sistemi Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilərək, yeni çağırışlara uyğunlaşdırılır. Bu xüsusda “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya”nın icrası çərçivəsində görülən işlərin əhəmiyyəti qeyd olunmalıdır. Daşkəsən rayonunda da dövlət qulluğu sahəsində sistemli işlər aparılır, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması və vətəndaş məmnunluğunun təmin olunması daim diqqət mərkəzində saxlanılır.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rayonumuzun sosial-iqtisadi və mədəni inkişafı, infrastrukturun müasirləşdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində kompleks ardıcıl tədbirlərin yüksək səviyyədə həyata keçirilməsində dövlət qulluqçularının da böyük rolu var.

Rayonumuzdan olan dövlət qulluqçularının fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir, onların əməyinə verilən dəyər bizi xüsusilə sevindirir və ruhlandırır. Prezident cənab İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Əmirvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rüfət Bədəlov "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. Bu münasibətlə Rüfət müəllimi təbrik edir, bu təltifin bütün dövlət qulluqçularımız üçün nümunə olacağına inanıram. Rayonumuza göstərdiyi daimi diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.

Dövlət qulluqçusu olmaq – sadəcə vəzifə daşımaq deyil, bu həm də xalqımızın və dövlətimizin qarşısında mənəvi və hüquqi məsuliyyət daşımaqdır. Əminəm ki, sizlər bundan sonra da vəzifə borcunuzu ləyaqətlə yerinə yetirəcək, ölkəmizin və rayonumuzun tərəqqisi naminə var gücünüzlə çalışacaqsınız.

Bir daha da sizi 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, ailə səadəti, peşəkar fəaliyyətinizdə uğurlar arzulayıram!

Sonda Daşkəsən  RİHBA-nın bir qrup əməkdaşı – Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları iş şöbəsinin müdiri Orxan Həsənov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Aidə Nağıyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elmar Əliyev, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elxan Hüseynzadə, Hüquq şöbəsinin məsləhətçisi Əli İsmayılov,Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Üzeyir Səttarlı dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Daşkəsən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunublar.

Keçidlər