Daşkəsən rayonunda 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib
Oktyabrın 16-da Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı, rayonun idarə, müəssisə, xidmət sahələri nümayəndələrinin iştirakı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən natiqlər 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün Azərbaycan xalqının tarixində böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Diqqətə çatdırılıb ki, 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası xalqımızın əsrlər boyu yaşatdığı azadlıq idealının, milli birliyinin və siyasi iradəsinin təntənəsidir. Müstəqilliyin ilk illərində ölkəmizin üzləşdiyi ciddi çətinliklərə baxmayaraq, Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi və qətiyyətli siyasəti nəticəsində dövlətçiliyimizin əsasları möhkəmləndirilmiş, bütün sahələr üzrə sabitlik, inkişaf təmin olunmuşdur. Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək, regionda və beynəlxalq aləmdə güclü, qalib, nüfuzlu dövlət kimi mövqeyini daha da möhkəmləndirmişdir. Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli qürur mənbəyi və gələcəyimizin təminatıdır. Müstəqilliyimizin bərpası Azərbaycan xalqına öz müqəddəratını sərbəst müəyyənləşdirmək, milli dövlətçilik ənənələrini yaşatmaq və suveren dövlət kimi dünya birliyində layiqli yer tutmaq imkanı qazandırmışdır. Bu gün müstəqil Azərbaycan güclü dövlətçilik ənənələri, iqtisadi potensialı, hərbi gücü, milli birliyi və qətiyyətli siyasəti ilə öz inkişaf yolunda inamla irəliləyir.
Tədbir iştirakçıları dövlət müstəqilliyimizin qorunmasının, milli birliyimizin möhkəmləndirilməsinin və tarixi yaddaşımızın yaşadılmasının hər bir vətəndaşın müqəddəs vəzifəsi olduğunu bildiriblər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, müstəqillik mövzusunda videoçarx nümayiş etdirilib.






