Daşkəsən rayonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün teatr tamaşası təşkil olunub
“AzerGold” QSC-nin təşkilatçılığı Daşkəsən Rayon İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Daşkəsən rayon mədəniyyət müəssislərinin dəstəyi ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov uşaqları bayram münasibətilə səmimi-qəlbdən təbrik edərək bildirib ki, uşaqların sağlam, savadlı və vətənpərvər ruhda böyüməsi Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan dövlət siyasətinin əsas prioritetlərindən biridir. Rayon rəhbəri vurğulayıb ki, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın uşaqların təhsili, sağlamlığı və hərtərəfli inkişafı istiqamətində həyata keçirdiyi layihələr də böyük əhəmiyyət daşıyır.
Sonra Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” pyesi əsasında hazırlanmış səhnə əsəri təqdim edilib. 350 uşağın izlədiyi kukla teatrı tamaşası sadəlik, təvazökarlıq və qənaətçillik kimi müsbət mənəvi keyfiyyətləri təbliğ edərək böyük maraqla qarşılanıb.
Tədbir çərçivəsində nağıl qəhrəmanlarının iştirakı ilə müxtəlif əyləncəli proqramlar, uşaqlar üçün interaktiv oyunlar və maraqlı çıxışlar təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.






