Daşkəsən rayonunda 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunan toplantı keçirilib
Avqustun 1-də "Konstitusiya və Suverenlik İli" çərçivəsində Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayon Mədəniyyət Mərkəzinin və Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə RİH-nin nümayəndələri, mədəniyyət və təhsil işçiləri, gənclər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Toplantının məqsədi milli kimliyimizin və mədəni irsimizin əsas sütunlarından olan Azərbaycan dili və əlifbasının təbliği, onun zənginliyinin və inkişaf yolunun gənc nəsillərə çatdırılması olub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən natiqlər Azərbaycan dilinin tarixi inkişaf yolu, onun müstəqillik illərində qazandığı uğurlar və bu sahədə həyata keçirilən dövlət siyasəti barədə fikirlərini bölüşüblər. Bildirilib ki, 2001-ci ildən etibarən Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə hər il 1 avqust tarixi Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur və bu gün milli mədəniyyətimizin, ana dilimizin təntənəsi olaraq xüsusi önəm daşıyır. Ana dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycan dili dövlət idarəçiliyində, təhsildə və informasiya məkanında tamhüquqlu şəkildə tətbiq olunur. Prezident cənab İlham Əliyevin imzaladığı sənədlər, həyata keçirilən layihələr dilimizin saflığının qorunmasına, zənginləşdirilməsinə və gənc nəslə düzgün şəkildə ötürülməsinə mühüm töhfələr verir.
Tədbir çərçivəsində "Ana dilimiz – kimliyimizdir" adlı kitab sərgisi də təşkil olunub. Sərgidə Azərbaycan dili, ədəbiyyatı və mədəniyyəti ilə bağlı nəşrlər, klassik və çağdaş yazarların əsərləri, eləcə də dilin inkişafına həsr olunmuş elmi və publisistik materiallar nümayiş etdirilib.
Sonda qeyd edilib ki, Azərbaycan dili xalqımızın tarixini, mədəniyyətini və mənəviyyatını özündə əks etdirən müqəddəs dəyərdir və bu dəyərin qorunub saxlanılması, inkişaf etdirilməsi hər bir vətəndaşın borcudur.






