Daşkəsən rayonu üzrə ümumtəhsil məktəblərinin 4-cü və 6-cı sinif şagirdlərinin mərkəzləşmiş qaydada növbəti monitorinqi aparılıb
5-6 iyun tarixlərində ölkə üzrə bütün dövlət ümumtəhsil müəssisələrində olduğu kimi Daşkəsən rayonunda da 4-cü və 6-cı sinif şagirdlərinin 5 mərkəzdə monitorinqi təşkil olunub. Tədbirdə 423 nəfər şagirdin iştirakı nəzərdə tutulub.
Monitorinqin keçirilməsinə Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən təşkilati dəstək verilib.
Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılır, nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.
Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
Qeyd edək ki, bu il ilk dəfə olaraq monitorinq tapşırıqlarına açıq tipli suallar daxil edilib.






