Daşkəsən rayon rəhbərliyi Novruz bayramı ərəfəsində Şəhidlər xiyabanını ziyarət edib
Martın 10-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Daşkəsən rayon prokuroru Şahin İmanov, Daşkəsən Rayon Polis Şöbəsinin rəisi Məhəmməd Əhmədbəyli rayonun şəhid ailələri və qaziləri ilə birlikdə Daşkəsən şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər.
Ziyarət Novruz bayramı ərəfəsində xalqımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə həyata keçirilib.
Ziyarət zamanı Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad olunub, ruhlarına dualar oxunub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov ziyarətə gələn şəhid ailələrinin üzvlərinə ayrı-ayrılıqda yaxınlaşaraq başsağlığı verib, şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına isə səbir diləyib. Həmçinin şəhid ailələrinin istək və qayğıları ilə maraqlanaraq dövlətin hər zaman onların yanında olduğunu vurğulayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə şəhid ailələri və qazilərə dövlət tərəfindən göstərilən hərtərəfli diqqət və qayğı bundan sonra da davam etdiriləcəkdir.
Qeyd edək ki, Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən ötən il Şəhidlər xiyabanında genişmiqyaslı abadlıq-bərpa və yenidənqurma işləri aparılıb, “Əbədi məşəl” abidə kompleksi təmir olunub, şəhidlərin məzarüstü abidələri yenilənib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






