Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayon Mədəniyyət Mərkəzində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı tədbir keçirilib

13 mart 2025 | 16:00

Martın 13-də Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq keçirilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı toplantıda mədəniyyət işçiləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad olunub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Elmar Əliyev  "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda və Daşkəsən rayon Mədəniyyət Mərkəzinin direktoru Mətanət Abdullayeva "Konstitusiyamız və mədəniyyətimiz: sosial-hüquqi perspektivlər” mövzusunda məruzələrlə çıxışlar ediblər.

Elmar Əliyev məruzəsində deyib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyamız Azərbaycanın suveren dövlət kimi inkişafının möhkəm hüquqi əsaslarını formalaşdırmışdır. Bu Ali Sənəd insan hüquq və azadlıqlarını, demokratik idarəetmə prinsiplərini və milli dəyərlərimizin qorunmasını təmin edir. Məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində Konstitusiyamız Azərbaycanın müstəqilliyini möhkəmləndirmiş və ölkəmizi beynəlxalq arenada hüquqi dövlət kimi tanıtmışdır. Konstitusiyamız yalnız hüquqi bir sənəd kimi deyil, eyni zamanda müstəqil Azərbaycan dövlətinin siyasi ideologiyasını və məqsədlərini ifadə edən bir irs olaraq qiymətləndirilir. Bu gün Prezident cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Konstitusiyamızın müddəalarına uyğun şəkildə Azərbaycanın suverenliyini daha da gücləndirmişdir. Xüsusilə son illərdə ölkəmizin ərazi bütövlüyünün tam təmin edilməsi, beynəlxalq aləmdə respublikamızın mövqelərinin möhkəmləndirilməsi və hüquqi islahatların davam etdirilməsi həmin strateji xəttin uğurlu nəticələridir.

Mətanət Abdullayeva isə məruzəsində Ulu Öndər Heydər Əliyevin Konstitusiyamızın hazırlanmasındakı mühüm rolunu qeyd edərək Əsas Qanunun milli dəyərlərimizə əsaslandığını və beynəlxalq hüquq normalarına tam uyğun olduğunu bildirib. Diqqətə çatdırıb ki, ölkəmizin mədəni inkişafına böyük töhfə verən Konstitusiyamız mədəni irsimizin qorunması və inkişaf etdirilməsi, habelə mədəniyyət sahəsində azadlıq və yaradıcılıq hüququnun təmin edilməsi ilə bağlı mühüm müddəaları özündə ehtiva edir. Bununla da Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunmasına və inkişafına şərait yaranmışdır.

Tədbirin sonunda iştirakçılar “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyətini qeyd edərək Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin və ölkəmizin müstəqilliyi yolunda gördüyü işlərin daim yaşadılacağını bildiriblər.

 

Keçidlər