Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Novruz bayramı ilə bağlı təbriki

19 mart 2026 | 16:56

Əziz Daşkəsənlilər!

Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhvali-ruhiyyəsi, cansağlığı, səadət və süfrələrinzə bol ruzi-bərəkət arzulayıram.

Təbiətin oyanışı, həyatın yenilənməsi, dirçəlişin rəmzi olan Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində olduğu kimi Daşkəsən rayonunda da böyük ruh yüksəkliyi ilə qeyd edilir. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.

Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsi tarixi köklərə qayıdışın parlaq nümunəsi olmaqla yanaşı, xalqımızın həmrəyliyini və bütövlüyünü təcəssüm etdirmişdir.

Ulu Öndərin siyasətini layiqincə davam etdirən Prezident cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə milli birlik və həmrəyliyimizi əks etdirən, mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan Novruz bayramı hər il yüksək səviyyədə qeyd olunur.

Ölkəmizin birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti çox hörmətli Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, BMT-nin Baş Assambleyası tərəfindən 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunmuş, beləliklə, bu bayram regional müstəvidən çıxaraq beynəlxalq səviyyəli tədbirə çevrilmişdir.

Artıq 6-cı ildir ki, xalqımız Novruz bayramını tariximizə qızıl hərflərlə yazılmış şanlı qələbələrin sevinci və qüruru ilə qarşılayır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Dəmir Yumruğunda birləşən qəhrəman əsgər və zabitlərimizin 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 19-20 sentyabr 2023-cü il tarixlərində uğurlu antiterror əməliyyatında əzəli torpaqlarımızı işğaldan azad etməsi ilə qazandığı tarixi Zəfərlər Azərbaycana əbədi bahar gətirmişdir. Hazırda işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ardıcıl uğurlu addımlar atılır, həmvətənlərimiz öz ata-baba yurdlarına qayıdırlar.

Bu bayram günlərində Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik.

Əziz Daşkəsənlilər!

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanımızın tərəqqisi naminə fəaliyyətinizdə sizlərə yeni-yeni uğurlar arzulayır, hər evə, hər ailəyə xoş ovqat, firavanlıq və sevinc diləyirəm.

Novruz bayramınız mübarək!

Hörmətlə,

Orxan Abbasov

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı                                                    

 

Keçidlər