Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov WUF13-də iştirak etmiş, keçirilən tədbirlərlə yaxından tanış olmuşdur

21 may 2026 | 10:04

XIII Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın beynəlxalq nüfuzunun, müasir şəhərsalma siyasətinin və dayanıqlı inkişaf strategiyasının dünyaya təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Forum çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin, yaşıl enerji təşəbbüslərinin, genişmiqyaslı bərpa və yenidənqurma proqramlarının beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsi nəzərdə tutulur.

WUF13 Azərbaycanın qlobal əməkdaşlıq platformalarında fəal iştirakını daha da gücləndirərək ölkəmizin BMT və digər beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafına yeni imkanlar yaradacaqdır. Forum həmçinin şəhərsalma, memarlıq, nəqliyyat, ekoloji davamlılıq, rəqəmsal transformasiya və sosial inklüzivlik sahələrində qabaqcıl beynəlxalq təcrübələrin Azərbaycana inteqrasiyasına töhfə verəcəkdir.

Tədbir çərçivəsində müxtəlif ölkələrin dövlət nümayəndələri, beynəlxalq təşkilatlar, investorlar, ekspertlər və akademik dairələrin iştirakı ilə yüksək səviyyəli panel müzakirələri, sərgilər, təqdimatlar və əməkdaşlıq görüşləri keçiriləcəkdir. Bu isə Azərbaycanın investisiya və turizm potensialının təşviqinə, yeni beynəlxalq tərəfdaşlıqların qurulmasına və iqtisadi əlaqələrin genişlənməsinə mühüm təsir göstərəcəkdir. Eyni zamanda, WUF13 ölkəmizin COP29-dan sonra növbəti böyük beynəlxalq platformaya uğurla ev sahibliyi etməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Forumun Bakı şəhərində keçirilməsi paytaxtın beynəlxalq tədbirlərə ev sahibliyi sahəsində qazandığı təcrübənin və müasir infrastruktur imkanlarının növbəti dəfə nümayişi olacaqdır. Forum Bakıda təşkil edilsə də, Azərbaycan Böyük Qayıdış çərçivəsində gördüyü işləri forum iştirakçıları ilə bölüşmək istədiyi üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına forum iştirakçılarının səfərləri təşkil ediləcək.

XIII Ümumdünya Şəhərsalma Forumunun (WUF13) rəsmi açılış mərasimi 2026-cı il mayın 18-də Bakı şəhərində keçirilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva iştirak etmişlər. Tədbirdə həmçinin BMT-nin BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və şəhərsalma üzrə ekspertlər iştirak etmişdir. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov da forumun açılış mərasimində iştirak etmiş, keçirilən tədbirlərlə yaxından tanış olmuşdur.

Açılış mərasimindən əvvəl dövlət və hökumət başçıları, eləcə də nümayəndə heyətlərinin rəhbərləri qarşılanmış, daha sonra ümumi xatirə fotosu çəkdirilmişdir. Tədbirdə WUF13-ün açılışına həsr olunan xüsusi videoçarx nümayiş etdirilmiş, Azərbaycanın zəngin mədəniyyətini əks etdirən bədii proqram təqdim olunmuşdur. Prezident cənab İlham Əliyev çıxış edərək forumun qlobal əhəmiyyətindən, Azərbaycanın dayanıqlı şəhərsalma və yaşıl inkişaf sahəsində həyata keçirdiyi layihələrdən bəhs etmişdir. Dövlət başçısı cənab İlham Əliyev demişdir: “Bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk. Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər”.

Forum dünyanın ən böyük şəhərsalma platformalarından biri kimi rekord səviyyədə iştirakçı toplamışdır. Rəsmi məlumatlara əsasən, WUF13 üçün 182 ölkədən 45 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir. Sonrakı günlərdə ümumi qeydiyyat sayı təxminən 60 min iştirakçıya çatmışdır. İlk iki gün ərzində isə 162 ölkədən 25 mindən çox nümayəndə forum tədbirlərində həm fiziki, həm də onlayn formatda iştirak etmişdir.

Forum çərçivəsində təşkil olunan “Urban Expo” sərgisi də böyük maraq doğurmuşdur. Sərgidə 82–85 ölkədən 217-dən çox təşkilat və 260 qurum təmsil olunmuş, milli pavilyonlar, innovativ şəhər həlləri, “ağıllı şəhər” layihələri və dayanıqlı inkişaf təşəbbüsləri nümayiş etdirilmişdir. Azərbaycanın pavilyonu sərginin ən böyük və ən çox maraq göstərilən bölmələrindən biri olmuşdur.

Beləliklə, XIII Ümumdünya Şəhərsalma Forumu yalnız şəhərsalma sahəsində beynəlxalq dialoq platforması deyil, həm də Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni uğurlarının qlobal miqyasda təqdim olunduğu strateji əhəmiyyətli tədbirdir.

Keçidlər