Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov “Regionlarda uşaqların tibbi müayinəsi” layihəsinə əsasən Daşkəsəndə keçirilən uşaqların tibbi müayinəsinin gedişatı ilə tanış olub
Noyabrın 26-dan Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı və Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə icra olunan “Regionlarda uşaqların tibbi müayinəsi” layihəsi çərçivəsində Bakıda və Sumqayıtda fəaliyyət göstərən həkim-mütəxəssislər tərəfindən uşaqların tibbi müayinəsinə start verilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsul əməkdaşı Cavid Mehdiyev və TƏBİB-in nümayəndəsi Qənbər Əliyevlə birgə rayon mərkəzi xəstəxanasında yaradılmış şəraitlə tanış olub, müayinələrin təşkili, xidmətin keyfiyyəti və uşaqların qəbulu prosesi barədə həkimlərdən və təşkilatçılardan ətraflı məlumat alıb. İcra başçısı layihənin həyata keçirilməsində əməyi olan təşkilatçı heyətə və iştirakçı həkimlərə təşəkkürünü bildirib.
Qeyd edək ki, noyabrın 27-dək davam edəcək müayinələr çərçivəsində uşaqlara pediatr, endokrinoloq, nevropatoloq, kardioloq, laborator analizlər və digər tibbi xidmətlər göstəriləcək.






