Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov müəllim və şagirdləri 15 sentyabr – Bilik Günü münasibətilə təbrik edib

15 sentyabr 2026 | 12:09

Sentyabrın 15-də Daşkəsənin bütün ümumtəhsil məktəblərində ənənəvi Bilik Gününə həsr edilmiş bayram tədbirləri keçirilib. Tərtib edilmiş qrafikə uyğun olaraq rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıq göstərən bir qrup ziyalı və ictimaiyyət nümayəndələri şagirdlərin və təhsil işçilərinin sevincinə qoşulublar.

Tədbirlər Dövlət Himnimizin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, o cümlədən şəhidlərimizin əziz xatirəsini yad etməklə başlayıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə təşkil olunmuş Bilik Günü tədbirində iştirak edib. İcra başçısı yeni dərs ilinin başlanması münasibətilə bütün müəllim və şagirdləri təbrik edərək onlara möhkəm cansağlığı, uğurlar və nailiyyətlər arzulayıb. Rayon rəhbəri çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu illərdə hər zaman Azərbaycan təhsilinin hərtərəfli yüksəlişinin qayğısına qalıb, bu sahənin inkişafına rəvac verən sistemli tədbirlər reallaşdırıb. Ulu Öndərin müəyyənləşdirdiyi strateji inkişaf xətti hazırda Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun davam etdirilir. Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri daimi diqqət və qayğı respublikanın hər yerində olduğu kimi Daşkəsən rayonunda da yüksək səviyyədə həyata keçirilir. Rayonda tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərin normal təhsil almaları üçün lazımi şəraitin yaradılması sahəsində  görülən işlərin miqyası daha geniş miqyas almışdır. Atılan bütün addımlar ölkə rəhbərliyinin daşkəsənlilərin bu gününə və sabahına olan qayğısının göstəricisidir.

Tədbirdə çıxış edən Daşkəsən rayonu üzrə Təhsil Sektorunun müdiri vəzifəsini icra edən Elməddin Allahverdiyev, Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Sevil Ələsgərova, şəhid anası Nərgiz Vəkilova və digərləri müəllimləri və şagirdləri Bilik Günü münasibətilə təbrik edib, onlara yeni tədris ilində uğurlar arzulayıblar.

Məktəblilərin hazırladığı bədii kompozisiya alqışlarla qarşılanıb.

İlk zəng çalındıqdan sonra icra başçısı Orxan Abbasov sinif otaqlarına baş çəkərək, şagirdlərlə səmimi söhbət edib, tövsiyələrini verib.

Rayonun bütün ümumtəhsil məktəblərində ilk dərs “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunub.

Daşkəsən rayonu üzrə Təhsil Sektorundan verilən məlumata əsasən, 2026-2027-cı tədris ilində rayonun 31 ümumtəhsil məktəbində 1952 nəfər şagird dərsə başlayıb. 141 nəfər şagird ilk dəfə məktəbə qədəm qoyan birincilərdir. Rayon üzrə 626 nəfər pedaqoji işçi şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur.

Keçidlər