Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov heyvandarlıq təsərrüfatına baxış keçirib.
İyulun 15-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov rayon ərazisində fəaliyyət göstərən fermer Namiq Əsgərovun heyvandarlıq təsərrüfatı ilə tanış olub. Səfər zamanı təsərrüfatda mal-qaranın saxlanılması üçün yaradılmış şərait, yem bazasının formalaşdırılması, damazlıq işinin təşkili, məhsuldarlığın artırılması üçün görülən tədbirlər və gələcək inkişaf planları barədə ətraflı məlumat verilib. İcra başçısı təsərrüfatın mövcud fəaliyyəti ilə maraqlanaraq fermerlə söhbət edib, kənd təsərrüfatının inkişafı və heyvandarlıq sahəsində qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparıb.
Fermer Namiq Əsgərov bildirib ki, dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən davamlı diqqət və dəstək, xüsusilə subsidiya mexanizmləri, güzəştli kreditlər və digər stimullaşdırıcı tədbirlər təsərrüfatının genişləndirilməsinə şərait yaradır. O qeyd edib ki, gələcəkdə məhsuldarlığı daha da artırmağı, müasir heyvandarlıq texnologiyalarını tətbiq etməyi qarşıya məqsəd qoyub.
İcra başçısı Orxan Abbasov vurğulayıb ki, Prezident cənab İlham Əlyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" aqrar sektorun bütün sahələri kimi, heyvandarlığın da müasir əsaslarla inkişafına, istehsalın səmərəliliyinin yüksəldilməsinə, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və fermerlərin iqtisadi imkanlarının genişlənməsinə mühüm töhfə verəcək. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası nəticəsində Daşkəsən rayonun da aqrar potensialından daha səmərəli istifadə olunacaq, müasir texnologiyaların tətbiqi genişlənəcək, heyvandarlıq məhsullarının istehsal həcmi və keyfiyyəti artacaq.






