Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov “Heydər Əliyev məktəbi” layihəsinin iştirakçıları ilə görüşüb
Noyabrın 26-da Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində reallaşdırılan “Heydər Əliyev məktəbi” layihəsinin dördüncü mərhələsinin - qış məktəbinin iştirakçıları Daşkəsən rayonunun Xoşbulaq yaylağında səfərdə olublar.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, YAP Mərkəzi Aparatının əməkdaşları Araz Salmanov və Günel Məmmədova, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və müxtəlif bölgələri təmsil edən gənclər iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov gənclərdən ibarət nümayəndə heyəti ilə görüşündə Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Daşkəsən rayonunun sosial-iqtisadi və mədəni inkişafı, turizm potensialı və gənclər üçün yaradılan imkanlar barədə məlumat verib.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev isə “Heydər Əliyev məktəbi” layihəsinin gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsində və gənclərin ictimai-siyasi fəallığının artırılmasında böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Görüş zamanı gənclər onları maraqlandıran suallar ünvanlayıb, Daşkəsən rayonu ilə bağlı fikirlərini bölüşüblər.
Səfər çərçivəsində iştirakçılar Daşkəsənin təbiəti ilə tanış olublar. Onlar üçün rayonun füsunkar dağ mənzərələrinə təbiət gəzintisi təşkil edilib. Həmçinin yerli sənətkarlardan ibarət folklor ansamblının ifasında milli musiqi nümunələri səsləndirilib.






