Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətlərinə görə RİHBA-nın Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektorunun müdiri Əhmədov Sahib İbrahim oğlunu və Qaraqullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Bayramov Elbrus Yaqub oğlunu Fəxri Fərmanla təltif edib
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov RİHBA-nın Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektorunun müdiri Sahib Əhmədov və Qaraqullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Elbrus Bayramov ilə çalışmanın son yaş həddinin başa çatması münasibətilə görüş keçirib.
İcra başçısı Orxan Abbasov təltif olunan əməkdaşları təbrik edərək, fəaliyyətləri dövründə qazandıqları təcrübənin və əməyin hər zaman dəyərli olduğunu vurğulayıb, onlara gələcək həyatlarında möhkəm cansağlığı, ailə səadəti və uğurlar arzulayıb. Rayon rəhbəri bildirib ki, həm Sahib Əhmədov, həm də Elbrus Bayramov fəaliyyətləri dövründə üzərilərinə düşən məsul vəzifələri vicdanla yerinə yetirmiş, Daşkəsən rayonunun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakları ilə fərqlənmişlər. Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə onların bu fəaliyyəti “Tərəqqi” medalı ilə də qiymətləndirilmişdir.
Sahib Əhmədov və Elbrus Bayramov göstərilən etimada və fəaliyyətlərinə verilən yüksək dəyərə görə minnətdarlıqlarını bildirərək, dövlət mənafelərinin qorunması üçün ictimai fəallıqlarını bundan sonra da davam etdirəcəklərini söyləyiblər.
Sonda əməkdaşlara dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Fəxri Fərmanlar təqdim olunub.






