Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Daşkəsəndə səfərdə olan “Gənclər Düşərgəsi”nin iştirakçıları ilə görüşüb
Avqustun 5-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Dağlıq Şirvan, Mil-Muğan, Qarabağ və Bakı iqtisadi rayonlarından olan 60 gəncin iştirakı ilə Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Gənclər Düşərgəsi”nin açılış mərasimi keçirilib. Düşərgənin keçirilməsində məqsəd region gənclərinin şəbəkələşməsi, bilik və bacarıqlarının artırılması, birlik, həmrəylik ruhunun yüksəldilməsi və “Konstitusiya və Suverenlik İli”nin təbliğidir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov düşərgənin açılış mərasimində iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İcra başçısı Orxan Abbasov çıxış edərək qonaqları və gəncləri salamlayıb, düşərgənin təşkilatçılarına təşəkkürünü çatdırıb, Daşkəsəndə qonaq olan gənclərlə görüşməkdən məmnun olduğunu bildirib. Həmçinin gənclərə rayonun tarixi, bu günü, sosial-iqtisadi göstəriciləri haqqında məlumat verib. Elm, təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində əldə edilən nailiyyətlərdən, qazanılan uğurlardan söz açıb. Vurğulayıb ki, 2025-ci il Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunmuşdur. Bu düşərgə də məhz bu mühüm ilin ideya və məqsədlərinə uyğun şəkildə təşkil olunaraq, gənclərimizin vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, onların hüquqi və ictimai biliklərinin artırılması baxımından əhəmiyyət daşıyır. Azərbaycan gəncliyi hər zaman dövlətimizin və Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşdur. Bu gün ölkəmizin sosial-iqtisadi, elmi-mədəni və ictimai-siyasi həyatında gənclər fəal iştirak edir. Biz inanırıq ki, bu günün gəncləri sabahın qurucuları, elm və texnologiya sahəsinin öncülləri, dövlət və cəmiyyət həyatında söz sahibi olan vətəndaşlar olacaqdır.
Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Zeynəddin Azaqov çıxış edərək Gənclər və İdman naziri Fərid Qayıbovun adından rayon rəhbərliyini və düşərgə iştirakçılarını salamlayıb, onlara göstərilən qonaqpərvərliyə, eləcə də düşərgənin yüksək səviyyədə təşkil olunmasında göstərilən dəstəyə görə Daşkəsən Rayon İcra Hakimiyyətinə minnətdarlığını ifadə edib.
Sonra icra başçısı Orxan Abbasov gənclərin fikirlərini, təkliflərini, ürək sözlərini dinləyib, suallarını cavablandırıb.
Sonda xatirə şəkli çəkdirilib.






