Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Azərbaycan çempionu olmuş 14 yaşadək voleybolçu oğlanların “Daşkəsən” komandasını qəbul edib
Azərbaycan çempionu olmuş 14 yaşadək voleybolçu oğlanların “Daşkəsən” komandası Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovla görüşüb.
Görüş zamanı icra başçısı Orxan Abbasov idmançıları qazandıqları böyük uğura görə təbrik edib, onların bu nailiyyətinin təkcə Daşkəsən üçün deyil, bütövlükdə Azərbaycan idmanı üçün sevindirici olduğunu bildirib. Orxan Abbasov qeyd edib ki, Prezident cənab İlham Əliyevin bədən tərbiyəsi və idman siyasətinə uyğun olaraq Daşkəsən rayonunda hər zaman gənclərin, xüsusilə də idmanla məşğul olan yeniyetmələrin inkişafına dəstək göstərilir və onların istedadlarının üzə çıxarılması üçün lazımi şəraitin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Rayon rəhbəri komandaya yeni yarışlarda uğurlar arzulayıb və vurğulayıb ki, bu qələbə təkcə bir turnirin nəticəsi deyil, həm də uzunmüddətli zəhmətin və fədakar məşqlərin bəhrəsidir.
Görüş zamanı komandanın məşqçi-müəllimi Eldəniz Bağırov, Gəncə Regional Voleybol Klubunun direktoru Sərxan Məmmədov, Klubun direktor müavini Orxan Rzayev və idmançılar çıxış edərək, onlara göstərilən hər cür dəstəyə görə təşəkkürlərini ifadə ediblər.
Sonda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov komandanın üzvlərinə qiymətli hədiyyələr təqdim edib və xatirə şəkili çəkdirilib.