Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 26.05.2025-ci il tarixdə Quşçu körpüsü qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirib
Mayın 26-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Quşçu körpüsü qəsəbəsində keçirdiyi səyyar qəbulda RİH-nin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
İcra başçısı Orxan Abbasov giriş nitqində deyib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsində vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaş müraciətlərinə xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Daşkəsən rayonunda birmənalı olaraq yerinə yetirilir. Ölkə rəhbərimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğı rayonumuzun bütün sahələrində öz əksini tapır. Rayon rəhbəri həmçinin ötən dövrlərdə Quşçu körpüsü qəsəbəsində görülən işlərə toxunaraq vurğulayıb ki, qəsəbə ərazisində qəzalı vəziyyətdə olan binanın sakinlərinin köçürülməsi üçün 16 mənzilli tam müasir yaşayış binası tikilərək onların istifadəsinə verilmiş, ən əsası yaşayış məntəqəsi qazlaşdırılmış, elektrik təchizatı yenidən qurulmuş, sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir.
Sonra sakinlərin müraciətləri dinlənilib.
İcra başçısı Orxan Abbasov qaldırılan məsələlərin həll edilməsi üçün əlaqədar qurumlara tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində icra olunub, əlavə araşdırma tələb edən məsələlər isə aidiyyəti qurumlara çatdırılması məqsədilə nəzarətə götürülüb, müvafiq tədbirlər müəyyənləşdirilib.
Qəbulda iştirak edən qəsəbə sakinləri problemlərinin həllinə hər zaman həssaslıqla yanaşıldığına, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.