Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 24.12.2025-ci il tarixdə Daşkəsən şəhərində vətəndaşların səyyar qəbulunu keçirib
Dekabrın 24-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Daşkəsən şəhərində vətəndaşlarla keçirdiyi səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Geniş tərkibli görüşü giriş nitqi ilə açan icra başçısı Orxan Abbasov Daşkəsən şəhər sakinlərini salamladıqdan və qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etdikdən sonra deyib: “Bildiyiniz kimi bu gün möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin doğum günüdür. Fürsətdən istifadə edərək, Prezidentimiz cənab İlham Əliyevi doğum günü münasibətilə rayonun şəhid ailələrinin üzvləri, qaziləri, bütün daşkəsənlilər və şəxsən öz adımdan ürəkdən təbrik edir, dövlət başçımıza möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi, müasir müstəqil Azərbaycanın qüdrətlənməsi yolunda misilsiz ali dövləti fəaliyyətində yeni-yeni uğurlar və qələbələr arzulayırıq”.
Rayon rəhbəri 2025-ci ildə Daşkəsən Rayon İcra Hakimiyyəti ilə rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və xidmət sahələrinin qarşılıqlı etimada əsaslanan səmərəli fəaliyyəti sayəsində sakinlərin problemlərinin həlli istiqamətində əldə edilmiş uğurlu nəticələr, habelə Daşkəsən şəhərində aparılan abadlıq-quruculuq işləri, nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib. Vurğulayıb ki, Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə Prezident cənab İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı il Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. Bu baxımdan qarşıdakı dövrdə də özünəməxsus memarlıq üslubu olan Daşkəsən şəhərində şəhərsalma və memarlıq sahəsində mövcud ənənələrin qorunması ilə yanaşı, müasir yanaşmaların tətbiqi, infrastrukturun yenilənməsi, yaşayış mühitinin daha da yaxşılaşdırılması və abadlıq-quruculuq işlərinin genişləndirilməsi prioritet olacaqdır.
İcra başçısı çıxışının sonunda deyib: “Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın Daşkəsən rayonuna daim göstərdikləri diqqət və qayğı hər zaman biz daşkəsənlilərin böyük sevincinə və ruh yüksəkliyinə səbəb olur. 2026-ci ildə, qarşıda bizi mühüm, daha məsuliyyətli vəzifələr gözləyir. Biz ölkə rəhbərimiz cənab İlham Əliyevi bir daha əmin edirik ki, verilən bütün tapşırıq və tövsiyələri bundan sonra da əzmkarlıqla yüksək səviyyədə vaxtında yerinə yetirəcəyik. Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Daşkəsən rayonunu ölkəmizə iqtisadi gəlir gətirəcək pilot rayonlardan birinə çevirəcəyik. Əlbəttə, qazanılmış bütün nailiyyətlər möhtərəm Prezident cənab İlham Əliyevin uğurlu fəaliyyəti ilə bilavasitə bağlıdır”.
Daha sonra sakinlərin müraciətlərini dinləyən Orxan Abbasov qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.
Qəbulda çıxış edən sakinlər Daşkəsən şəhərində aparılan abadlıq-tikinti və işıqlandırma, xüsusilə Daşkəsən Şəhidlər Xiyabanının yenidən qurulması, yaşıllaşdırma, şəhər daxili yolların asfaltlanması, istinad divarlarının bərpası, məşğulluğun artırılması istiqamətində görülən tədbirləri və hər bir müraciətlərinə göstərilən həssas münasibəti yüksək qiymətləndirərək, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






