Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 23.06.2026-cı il tarixdə Daşkəsən şəhər sakinlərinin növbəti səyyar qəbulunu keçirib
İyunun 23-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Daşkəsən şəhərində keçirdiyi vətəndaşların səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və sakinlər iştirak ediblər.
İcra başçısı Orxan Abbasov giriş nitqində bildirib ki, Prezident cənab İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun iyunun 18-də Bakıda keçirilən 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimindəki çıxışı ölkəmizin son 35 ildə formalaşdırdığı dövlətçilik modelinin, xarici siyasət kursunun, iqtisadi inkişaf strategiyasının və postmünaqişə dövrü üçün müəyyən etdiyi prioritetlərin sistemli təqdimatı kimi xüsusi tarixi əhəmiyyət kəsb edir. Prezident cənab İlham Əliyevin çıxışı yalnız əldə olunan nəticələrin təqdimatı ilə məhdudlaşmadı. Dövlət başçısı qarşıdakı illər üçün ölkəmizin inkişaf prioritetlərini də aydın müəyyənləşdirdi. Bu prioritetlərin əsas istiqamətlərini iqtisadiyyatın daha da şaxələndirilməsi, qeyri-neft ixracının artırılması, yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, nəqliyyat-logistika potensialının artırılması, su ehtiyatlarının səmərəli idarə olunması və "yaşıl enerji" iqtisadiyyatına keçid təşkil edir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla reallaşdırılan bu hədəflər Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının yeni mərhələsini formalaşdırır. Burada məqsəd iqtisadi artımı davam etdirməklə yanaşı, dəyişən qlobal çağırışlara uyğun dayanıqlı inkişaf modelini möhkəmləndirməkdir.
Orxan Abbasov həmçinin Daşkəsən şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri, sosial infrastruktur layihələri və əhalinin rifahının yüksəldilməsinə yönəlmiş tədbirlər barədə məlumat verib. Qeyd edib ki, rayon ərazisində şəhərsalma və memarlıq sahəsində işlər ardıcıl şəkildə yerinə yetirilir. Şəhərin ümumi görünüşünün yaxşılaşdırılması, küçə və məhəllələrin abadlaşdırılması, yaşıllıq zolaqlarının genişləndirilməsi, ictimai istifadədə olan ərazilərin yenidən qurulması, müasir memarlıq tələblərinə uyğunlaşdırılması və digər tədbirlərin məqsədi sakinlər üçün daha rahat, təhlükəsiz və müasir yaşayış mühitinin formalaşdırılmasıdır.
Daha sonra sakinlərin müraciətləri dinlənilib. İcra başçısı Orxan Abbasov müraciətlərin icrasına dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib, əlavə araşdırılmasına ehtiyac olan məsələlər isə nəzarət qaydasında qeydiyyata götürülüb.
Qəbulda iştirak edən sakinlər Daşkəsən şəhərində görülən işləri yüksək qiymətləndirərək, hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






