Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 23.04.2025-ci il tarixdə Daşkəsən şəhər sakinləri ilə səyyar qəbul keçirib
Aprelin 23-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Daşkəsən şəhəri Orxan Cəfərli küçəsi, 20 Yanvar küçəsi, Ş.İ.Xətai küçəsi və S.Vurğun küçəsi sakinləri ilə keçirilən səyyar qəbulunda RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi və bələdiyyə sədri iştirak edib.
İcra başçısı Orxan Abbasov giriş nitqində deyib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsində vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaş müraciətlərinə xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Daşkəsən rayonunda birmənalı olaraq yerinə yetirilir. Ölkə rəhbərimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğı rayonumuzun bütün sahələrində öz əksini tapır. Ötən dövrlərdə və cari ildə Daşkəsən şəhəri ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq, quruculuq və yaşıllaşdırma işlərindən söz açan icra başçısı Orxan Abbasov vurğulayıb ki, sakinlərin sosial durumunun yaxşılaşdırılması, eyni zamanda məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər bundan sonra da diqqətdə saxlanılaraq davam etdiriləcəkdir.
Qəbulda həmçinin Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə sakinlərə məlumat verilib, xidmətin əlçatanlıq və üstünlükləri diqqətə çatdırılıb və ehtiyac yarandığı halda https://rih.gov.az/ platformasından istifadə etmələri tövsiyə olunub.
Sonra sakinlərin müraciətləri dinlənilib. İcra başçsı Orxan Abbasovun aidiyyəti qurumlara və şəxslərə tapşırıq və tövsiyəsi ilə qaldırılan məsələlərin bir qismi yerində həll edilib, araşdırılmasına ehtiyac olan məsələlər isə icrası və ya müvafiq orqanlara çatdırılması üçün nəzarət qaydasında qeydiyyata götürülüb.
Qəbulda iştirak edən Daşkəsən şəhər sakinləri görülən işləri yüksək qiymətləndirərək, hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.