Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 2026-2027-ci tədris ilinin başlanması münasibətilə məktəbyaşlı şəhid övladları ilə görüşüb

09 sentyabr 2026 | 15:45

Sentyabrın 9-da Daşkəsən Rayon İcra Hakimiyyətində 2026-2027-ci tədris ilinin başlanması münasibətilə məktəbyaşlı şəhid övladları ilə görüş keçirilib. Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, şəhid ailələrinin üzvləri, şəhid övladları və İcra Hakimiyyətinin əməkdaşları iştirak ediblər.

İcra başçısı Orxan Abbasov şəhid övladlarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara dərslərində uğurlar, yüksək nailiyyətlər, möhkəm cansağlığı və parlaq gələcək arzulayıb. Rayon rəhbəri bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə və onların övladlarına göstərilən dövlət qayğısı ardıcıl və davamlı xarakter daşıyır. Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində şəhid ailələrinin sosial rifahının yüksəldilməsi, onların qarşılaşdıqları problemlərin həlli, eləcə də şəhid övladlarının təhsil və digər ehtiyaclarının təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu xüsusda şəhid övladlarının yüksək təhsil alması, hərtərəfli inkişaf etməsi və layiqli vətəndaş kimi yetişməsi dövlətimizin daim diqqət mərkəzindədir. 

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev də şəhid övladlarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara təhsildə uğurlar və yüksək nailiyyətlər diləyib. Qeyd edib ki, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı hər bir sahədə olduğu kimi, təhsil məsələlərində də özünü aydın şəkildə göstərir. 

Səmimi şəraitdə keçən görüş zamanı şəhid övladları arzularını, təəssüratlarını və yeni tədris ili ilə bağlı gözləntilərini bölüşüblər. Onların təhsili, gələcək arzuları və qarşıya qoyduqları məqsədlərlə maraqlanan icra başçısı Orxan Abbasov uşaqlara yaxşı oxumağı, bilik və bacarıqlarını artırmağı, savadlı, vətənpərvər və məsuliyyətli gənclər kimi yetişməyi tövsiyə edib.

Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda yeni tədris ilinin başlanması münasibətilə məktəbyaşlı şəhid övladlarına Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən məktəbli ləvazimatları təqdim olunub və onlara maddi dəstək göstərilib.

Keçidlər