Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 17.06.2026-cı il tarixdə Astaf kəndində vətəndaşların səyyar qəbulunu keçirib
İyunun 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Astaf kəndində keçirdiyi növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
İcra başçısı Orxan Abbasov bildirib ki, Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində Prezident cənab İlham Əliyevin milli maraqlara söykənən siyasi kursu dayanır. Məhz Prezident cənab İlham Əliyevin siyasi iradəsi, prinsipial mövqeyi nəticəsində Azərbaycan Avropa üçün etibarlı mərkəz, Asiya üçün isə dünyaya açılan strateji qapıdır. Bütün bu nailiyyətlər dövlətimizin başçısının müəllifi olduğu "güclü dövlət - müstəqil siyasət" formulunun praktiki təntənəsidir. Bu siyasi kurs ölkəmizin davamlı inkişafının və dünya nizamında artan çəkisinin ən böyük təminatıdır.
Orxan Abbasov qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına göstərilən xüsusi diqqət Daşkəsən rayonunun da hərtərəfli inkişafına mühüm töhfələr verir. Son illərdə rayonda yol-nəqliyyat, elektrik enerjisi, rabitə, içməli su və digər infrastruktur layihələri uğurla icra olunub, əhalinin məşğulluğunun artırılması, kənd təsərrüfatının inkişafı və vətəndaşların sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Dövlət proqramları çərçivəsində görülən işlər rayonun simasının yenilənməsinə, yaşayış məntəqələrinin abadlaşmasına və sakinlərin həyat şəraitinin daha da yaxşılaşdırılmasına zəmin yaradır.
Daha sonra sakinlərin müraciətlərini dinləyən Orxan Abbasov qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti qurumlara tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib. Əlavə araşdırma tələb edən məsələlər isə nəzarət qaydasında qeydiyyata götürülərək icraya yönəldilib.
Qəbulda iştirak edən Astaf kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






