Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 15 sentyabr – Bilik Günü münasibətilə məktəblilərlə görüşüb

15 sentyabr 2025 | 10:32

Sentyabrın 15-də Daşkəsənin bütün ümumtəhsil məktəblərində ənənəvi Bilik Gününə həsr edilmiş bayram tədbirləri keçirilib. Tərtib edilmiş qrafikə uyğun olaraq rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıq göstərən bir qrup ziyalı, ağsaqqal və ictimaiyyət nümayəndələri şagirdlərin və təhsil işçilərinin sevincinə qoşulublar.

Tədbirlər Dövlət Himnimizin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, o cümlədən şəhidlərimizin əziz xatirəsini yad etməklə başlayıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbdə təşkil olunmuş Bilik Günü tədbirində iştirak edib. İcra başçısı çıxışında məktəbliləri, bu il ilk dəfə məktəbə qədəm qoyan birinciləri, müəllimləri, təhsil işçilərini və valideynləri təbrik edərək bildirib ki, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğı respublikanın hər yerində olduğu kimi Daşkəsəndə də uğurla həyata keçirilir. Orxan Abbasov son illərdə rayonda təhsil sahəsində aparılan işlərdən söz açaraq qeyd edib ki, tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərin əsaslı təmiri və müasir avadanlıqla təmin olunması geniş miqyas almışdır. Bu, dövlət rəhbərliyinin daşkəsənlilərin bu gününə və gələcəyinə verdiyi yüksək dəyərin göstəricisidir.

Tədbirdə çıxış edən Daşkəsən şəhər A.Mürsəlov adına tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Gülzadə Tağıyeva, şəhid anası Qızbəs Abbasova, məktəbin müəllimi Rəna Abdullayeva və digərləri məktəb kollektivini Bilik Günü münasibətilə təbrik edib, yeni tədris ilində uğurlar arzulayıblar.

Şagirdlərin hazırladığı bədii kompozisiya böyük maraq və alqışlarla qarşılanıb.

 İlk zəng çalındıqdan sonra icra başçısı Orxan Abbasov sinif otaqlarına baş çəkərək, məktəblilərlə səmimi söhbət edib, tövsiyələrini verib.

 Rayonun bütün ümumtəhsil məktəblərində ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunub.

Daşkəsən rayonu üzrə Təhsil Sektorundan verilən məlumata əsasən, 2025-2026-cı tədris ilində rayonun 32 ümumtəhsil məktəbində 2227 nəfər şagird dərsə başlayıb. 164 nəfər şagird ilk dəfə məktəbə qədəm qoyan birincilərdir. Rayon üzrə 745 nəfər pedaqoji işçi şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. Cari ildə 2 kənd tam orta ümumtəhsil məktəbində əsaslı təmir işləri aparılıb.

Keçidlər