Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 12.03.2025-ci il tarixdə Yuxarı Daşkəsən qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirib
Martın 12-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələri rəhbərlərinin və sakinlərin iştirakı ilə Yuxarı Daşkəsən qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirib.
Sakinləri müqəddəs Ramazan ayı və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən icra başçısı Orxan Abbasov çıxışında Prezident cənab İlham Əliyevin əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi davamlı sosial tədbirlər, respublikamızın, o cümlədən Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı, problemlərin həlli sahəsində görülən ardıcıl işlər barədə məlumat verib. Həmçinin qarşıda duran vəzifələrdən və Yuxarı Daşkəsən qəsəbəsində ötən dövrlərdə görülən işlərdən danışıb. Qeyd edib ki, qəsəbə əhalisi bu gün fasiləsiz elektrik enerjisi, qaz, rabitə ilə təmin olunur. Habelə 200 şagird yerlik qəsəbə tam orta ümumtəhsil məktəbinin binası yenidən tikilərək istifadəyə verilib, ərazidə abadlıq işləri aparılıb, çoxsaylı qəsəbə sakinlərinin müraciətləri nəzərə alınaraq, əlavə içməli su xətti çəkilib, avtomobil yolu asfaltlanıb. Eyni zamanda sakinlərin məşğulluğunun artırılması daim diqqətdə saxlanılır.
Sonra sakinlərin müxtəlif məsələlərə dair müraciət və təklifləri dinlənilib.
İcra başçısı Orxan Abbasov sakinlərin qaldırdıqları məsələlərin icrası ilə əlaqədar tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib. Əlavə araşdırma tələb edən bir qismi də aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Qəbulda iştirak edən Yuxarı Daşkəsən qəsəbə sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.