Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 11.11.2026-cı il tarixdə Bayan kəndində vətəndaşların səyyar qəbulunu keçirib
Noyabrın 11-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov rayonun idarə, müəssisə, xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndəsinin, bələdiyyə sədri və sakinlərin iştirakı ilə Bayan kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.
İcra başçısı Orxan Abbasov giriş nitqində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətdən, regionların davamlı inkişafı istiqamətində görülən işlərdən, əhalinin sosial rifahının yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunması və insanların müraciətlərinə həssaslıqla yanaşılmasının dövlət siyasətinin prioritetlərindən olmasından bəhs edib. Vurğulayıb ki, yerlərdə keçirilən səyyar qəbulların da məqsədi sakinlərin problem və qayğılarını birbaşa özlərindən dinləmək, mövcud məsələlərin operativ həllinə nail olmaqdır.
Sonra sakinlərin müraciət və təklifləri dinlənilib.
İcra başçısı Orxan Abbasov qaldırılan müraciətlərin icrası ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib. Əlavə araşdırma tələb edən müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün nəzarət qaydasında qeydiyyata götürülüb.
Qəbulda iştirak edən Bayan kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






