Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 08.10.2025-ci il tarixdə Alaxançallı kəndində vətəndaşların səyyar qəbulunu keçirib
Oktyabrın 8-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Alaxançallı kəndində keçirilən səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.
İcra başçısı Orxan Abbasov çıxışında Alaxançallı kənd sakinləri ilə dəfələrlə görüşdüyünü və həmin görüşlərdə irəli sürülən məsələlərin həllinə dair müvafiq işlərin görüldüyünü bildirib. Diqqətə çatdırıb ki, ötən dövrdə sel sularının ziyan vurduğu kəndə gələn yol və suötürücü qurğular daxili imkanlar hesabına təmir edilmiş, içməli su, elektrik enerjisi və internet rabitəsi ilə fasiləsiz təminat sahəsində mövcud olan problemlər aradan qaldırılmışdır. Eyni zamanda sakinlərin məşğulluğunun artırılması daim diqqətdə saxlanılır. Rayon rəhbəri əlavə edib ki, Alaxançallı kəndinin təmiz təbiəti, bol yaşıllıqları, Murovdağ silsiləsi boyunca uzanan meşə massivləri və Turşsu bulağı yay aylarında təbiət həvəskarlarını buraya cəlb edir və kənd turizm baxımından böyük potensiala malikdir.
Görüş zamanı kənd sakinlərinin müxtəlif məsələlər barədə müraciətləri qeydə alınıb və onların həlli ilə bağlı müzakirələr aparılıb.
İcra başçısı Orxan Abbasov müraciətlərdə qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Əksər müraciətlər yerində həll olunub. Araşdırılmasına ehtiyac olan müraciətlər isə icrası və ya aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata götürülüb.
Qəbulda çıxış edən Alaxançallı kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






