Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 03.09.2025-ci il tarixdə Daşkəsən şəhəri Mədənçilər yaşayış sahəsinin sakinləri ilə səyyar qəbul keçirib
Sentyabrın 3-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Daşkəsən şəhəri Mədənçilər yaşayış sahəsinin sakinləri ilə keçirilən səyyar qəbulunda RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi və bələdiyyə sədri iştirak edib.
İcra başçısı Orxan Abbasov giriş nitqində deyib ki, Prezident cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsində vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaş müraciətlərinə xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Daşkəsən rayonunda birmənalı olaraq yerinə yetirilir. Ölkə rəhbərimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğı rayonumuzun bütün sahələrində öz əksini tapır. Ötən dövrlərdə və cari ildə Daşkəsən şəhəri ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq, quruculuq və yaşıllaşdırma işlərindən də söz açan Orxan Abbasov vurğulayıb ki, sakinlərin sosial durumunun yaxşılaşdırılması, eyni zamanda, məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər bundan sonra da diqqət mərkəzində saxlanılaraq davam etdiriləcəkdir.
Sonra sakinlərin müraciətləri dinlənilib. İcra başçısı Orxan Abbasovun aidiyyəti qurumlara və şəxslərə tapşırıq və tövsiyəsi ilə qaldırılan məsələlərin bir qismi yerində həll edilib, araşdırılmasına ehtiyac olan məsələlər isə icrası və ya müvafiq orqanlara çatdırılması üçün nəzarət qaydasında qeydiyyata götürülüb.
Qəbulda iştirak edən Daşkəsən şəhəri Mədənçilər yaşayış sahəsinin sakinləri görülən işləri yüksək qiymətləndirərək, Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






