Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı cənab Orxan Abbasovun 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbriki
Əziz Daşkəsənlilər!
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2026-cı ilin gəlişi münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Ulu Öndər Heydər Əliyev tərəfindən xalqımıza bəxş edilmiş 31 Dekabr – Həmrəylik Günü bütün dünya azərbaycanlılarının birliyinin, vəhdətinin rəmzinə çevrilmişdir. Harada yaşamağımızdan asılı olmayaraq, Azərbaycan hər birimiz üçün doğma Vətən, milli kimliyimizin və qürurumuzun ünvanıdır. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması milli həmrəyliyimizin ən parlaq təzahürüdür.
Qarabağ və Şərqi Zəngəzurda yüksək vüsətlə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, “Böyük Qayıdış” Proqramının ardıcıl icrası dövlətimizin gücünü, xalqımızın iradəsini və gələcəyə olan inamını bir daha təsdiqləyir. Doğma yurdlarına qayıdan hər bir vətəndaşımız üçün yaradılan şərait və görülən işlər ölkəmizin inkişafının bariz nümunəsidir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində bu gün Azərbaycan regionda və beynəlxalq aləmdə sabitlik, etibarlılıq və iqtisadi dinamikanın mərkəzi kimi tanınır. Dövlətimizin nüfuzu durmadan artır, siyasi, sosial və iqtisadi sahələrdə böyük nailiyyətlər əldə edilir.
Bu uğurların əldə olunmasında Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, humanitar dəyərlərə əsaslanan təşəbbüsləri, mədəni irsimizin qorunması və ictimai rifahın yüksəldilməsi istiqamətində gördüyü işlər də xüsusi əhəmiyyət daşıyır.
2025-ci il ölkəmiz, o cümlədən Daşkəsən rayonu üçün bir çox əlamətdar hadisələrlə yadda qalmış, “Konstitusiya və Suverenlik İli” çərçivəsində mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, Daşkəsən rayonunda sosial-iqtisadi inkişaf, idarəetmədə şəffaflıq, ictimai dialoqun artırılıması, abadlıq və infrastruktur layihələri uğurla icra olunmuşdur. Rayonumuzda qazanılan bütün nailiyyətlər Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısının nəticəsidir.
Dövlət başçımız tərəfindən qarşıdan gələn 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması respublikamızın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu çərçivədə Daşkəsən rayonunda müasir şəhərsalma prinsiplərinə əsaslanan abadlıq işlərinin genişləndirilməsi, yaşayış məntəqələrinin memarlıq simasının yaxşılaşdırılması və ətraf mühitin qorunması sahəsində ardıcıl tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Əminik ki, 2026-cı ildə də qarşıya qoyulan bütün vəzifələri yüksək məsuliyyət və əzmkarlıqla yerinə yetirəcək, Daşkəsəni ölkəmizin iqtisadi inkişafına mühüm töhfələr verən, eyni zamanda müasir şəhərsalma və memarlıq baxımından nümunəvi pilot rayonlarından birinə çevirmək yönündə ardıcıl addımlarımızı davam etdirəcəyik.
Bu bayram günlərində Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə şəfa və cansağlığı arzulayıram.
Əziz Daşkəsənlilər!
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanımızın inkişafı və parlaq gələcəyi naminə fəaliyyətinizdə hər birinizə yeni-yeni uğurlar arzulayır, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Sizləri ürəkdən təbrik edirəm.
Bayramlarınız mübarək olsun!
Hörmətlə,
Orxan Abbasov
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı






