Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar toplantı keçirilib

13 iyun 2025 | 16:00

İyunun 13-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Daşkəsən rayon Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə toplantı təşkil olunub.

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, RİHBA-nın əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatları, YAP fəalları, şəhid valideynləri və ailə üzvləri, qazilər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Əvvəlcə müstəqil Azərbaycanın qurucusu və memarı, Azərbaycan xalqının xilaskarı Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, gül-çiçək dəstələri düzülüb, xatirəsinə ehtiram bildirilib.

Toplantı Dövlət Himni səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz və unudulmaz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdırdıqdan sonra məruzə ilə çıxış edərək deyib:

-Azərbaycan tarixində elə məqamlar olmuşdur ki, həmin məqamlar taleyüklü yeni bir dövrün başlanğıcı kimi tariximizə qızıl hərflərlə yazılmışdır. Belə məqamlardan biri də Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xilaskarlıq missiyası ilə yenidən hakimiyyətə qayıtması ilə tarixə düşən hadisədir. Xalqımız hər il 15 iyun gününü Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi bayram edir və Azərbaycan dövlətinin qurtuluşunun, tarixində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirir.

 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini elan etdi. Təəssüf ki, müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın qüvvələrini bir yerə cəmləşdirə biləcək qüdrətli bir lider yox idi. Həmin dövrdə Azərbaycan ərazilərinin erməni işğalçıları tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin günbəgün ağırlaşan sosial durumu, müstəqilliyin itirilməsi təhlükəsi ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi.

1993-cü ilin ortalarına doğru hakimiyyət böhranı getdikcə daha kəskin xarakter aldı. Hakimiyyətdə olan qüvvələr səriştəsiz əməlləri ilə Azərbaycanın müstəqilliyi üçün təhlükə yaratdılar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı”.

1993-cü ildə xalqın xahiş və təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və ölkəmizin strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynamışdır.

Ötən illərdə Ümummilli Liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrilmiş və müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır. Bu illərdə Heydər Əliyevin gərgin zəhməti, əzmi və siyasi iradəsi sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə hər bir kəsi heyrətə gətirir.

Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi varisi Azərbaycan Respublikasının  Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Liderimizin siyasi xəttinə sadiq qalaraq müasir müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Artıq neçə ildir ki, Azərbaycan Respublikasının milli qurtuluş yolu davam edir. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla inamla gedən, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş müasir müstəqil Azərbaycan durmadan yüksəlir, inkişaf edir, yeni-yeni parlaq nailiyyətlər və zəfərlər qazanır.

Heydər Əliyev vaxtilə demişdir: "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz".

Bu inam, bu qətiyyət Milli Qurtuluş Gününün mənası, fəlsəfəsi və verdiyi ibrət dərsləridir. Və onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaqdır, onun ideya və əməlləri yaşayacaq, bizi daim irəliyə aparacaqdır.

Biz, daşkəsənlilər hər zaman Ümummilli Lider Heydər Əliyev siyasətinə sədaqət nümayiş etdirmiş, milyonlarla həmvətənlimiz kimi arzu və istəklərimizin təminatçısı olaraq ölkəmizin inkişafını, rifahını, gələcəyini bu siyasətin əzəmətində görmüşük.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin söylədiyi bu fikirlər öz əhəmiyyətini hər zaman saxlayacaqdır: "Heydər Əliyev qalib idi. O, bütün döyüşlərdən qalib kimi çıxıb, heç kim ona qalib gələ bilməmişdir. Əslində, o, yeni güclə, yeni enerji ilə siyasi mübarizəyə qoşuldu, yenidən qələbə qazandı və tarixdə qalib kimi qaldı. Heç kim və heç nə ona qalib gələ bilmədi. Nə xarici düşmənlər, nə də Azərbaycanda özünü ona rəqib qismində təqdim etməyə çalışanlar, bəzi uğursuz siyasətçilər. Ona zaman da qalib gələ bilmədi. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq o, ürəyimizdə yaşayır, qəlbimizdə yaşayır, onun əməlləri, ideyaları yaşayır, onun siyasəti yaşayır və əbədi yaşayacaqdır!” 

Toplantının sonunda Heydər Əliyev Fondu tərəfindən hazırlanan “İz” sənədli filmi nümayiş etdirilib. Filmin ssenarisi Ümummilli Lider Heydər Əliyevin ayrı-ayrı vaxtlardakı çıxışları əsasında qurulub və Ulu Öndərin müəllifi olduğu müasir müstəqil Azərbaycanın inkişaf konsepsiyasını əks etdirir. Ekran əsərində Ümummilli Liderin həyatı, Vətəninə və xalqına bağlılığı, Azərbaycanın müstəqil dövlət kimi qüdrətlənməsi, Qarabağın işğaldan azad edilməsi istiqamətində yürütdüyü ardıcıl siyasət əksini tapıb. Eyni zamanda, işğal altındakı torpaqlarımızın Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə azad olunması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi, bununla da Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin və arzularının reallaşması yer alıb.

 

Keçidlər