Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası “Şəhərsalma və Memarlıq İli”nə həsr olunub

20 aprel 2026 | 17:31

Aprelin 20-də Daşkəsən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclasında Daşkəsən RİHB-nin müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Namiq Süleymanov, RİH yanında İctimai Şuranın sədri Samir Həsənov, İctimai Şuranın üzvləri, rayonda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

İclasda rayonda ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və xüsusilə də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində nəzərdə tutulan işlər müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan Şura sədri qeyd edib ki, Prezident cənab İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması yalnız iri şəhərlərdə deyil, regionlarda da müasir yanaşmaların tətbiqini zəruri edir. Bu baxımdan Daşkəsən rayonunda aparılan abadlıq və quruculuq işlərinin daha planlı və estetik prinsiplər əsasında həyata keçirilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib.

İclasın gündəliyinə uyğun olaraq, rayon ərazisində mövcud infrastrukturun yenilənməsi və yaşayış məntəqələrinin memarlıq görünüşünün yaxşılaşdırılması məsələləri geniş müzakirə edilib. Şura üzvləri bildiriblər ki, şəhərsalma siyasətinin düzgün icrası yalnız fiziki mühitin yaxşılaşdırılmasına deyil, həmçinin əhalinin həyat keyfiyyətinin yüksəlməsinə xidmət edir. Eyni zamanda vurğulanıb ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən layihələrdə ictimai rəyin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə İctimai Şura tərəfindən mütəmadi monitorinqlərin aparılması, vətəndaşların təklif və iradlarının toplanması qərara alınıb. İclasda ekoloji tarazlığın qorunması, yaşıllıq sahələrinin artırılması və turizm potensialının gücləndirilməsi baxımından şəhərsalma tədbirlərinin rolu xüsusi qeyd olunub. Şura üzvləri hesab edirlər ki, memarlıq həlləri hazırlanarkən rayonun təbii-coğrafi xüsusiyyətləri və milli-mədəni dəyərləri mütləq nəzərə alınmalıdır.

Sonda müzakirə olunan məsələlərlə bağlı müvafiq tövsiyələr qəbul olunub və aidiyyəti qurumlara təqdim edilməsi qərara alınıb.

RİHB-nin müavini Namiq Süleymanov RİH ilə sıx əlaqədə səmərəli fəaliyyət göstərdiklərinə görə İctimai Şuranın üzvlərinə təşəkkür edib, onların rəy və təkliflərinin daim dəyərli olduğunu bildirib. Habelə həyata keçirdiyi bütün tədbirlərdə RİH-nin ictimai birliklərlə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Keçidlər