Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayon Heydər Əliyev Mərkəzində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda toplantı keçirilib

15 aprel 2025 | 11:55

Aprelin 15-də Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən rayon Heydər Əliyev Mərkəzi ilə birgə “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı toplantı təşkil edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova giriş nitqində mövzunun əhəmiyyətdən danışıb. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının tarixində misilsiz xidmətləri olan görkəmli dövlət xadimidir. O, Azərbaycanın siyasi və iqtisadi dirçəlişinin əsasını qoymaqla yanaşı hüquqi dövlət quruculuğu yolunda mühüm addımlar atmışdır. 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə hazırlanmışdır. Bu Konstitusiya ölkəmizin dövlətçiliyinin hüquqi əsaslarını müəyyənləşdirmiş, insan hüquq və azadlıqlarının təminatını təsbit etmişdir. Heydər Əliyev deyirdi: “Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir". Ulu Öndərin bu fikirləri Konstitusiyanın yalnız bir hüquqi sənəd deyil, həm də müstəqilliyimizin və suverenliyimizin rəmzi olduğunu göstərir.   

Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Elmar Əliyev çıxışında Ulu Öndər Heydər Əliyevin Konstitusiyamızın hazırlanması və qəbulu sahəsində tarixi xidmətlərindən bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası beynəlxalq hüquq normalarına uyğun, insan hüquq və azadlıqlarına geniş yer ayıran mükəmməl normativ-hüquqi sənəddir. Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən demokratik prinsiplərini, insan haqlarını özündə ehtiva edir və ölkəmizdə hüquqi dövlətin və insan azadlıqlarının qarantıdır. Ulu Öndərin uzaqgörənliyi, milli maraqlara əsaslanan siyasəti və hüquqi dövlət quruculuğuna verdiyi töhfələr Azərbaycan xalqı tərəfindən böyük ehtiram və minnətdarlıqla yad edilir.

Digər çıxış edənlər diqqətə çatdırıblar ki, Ulu Öndərin müəyyən etdiyi zamanın çağırışlarına uyğun hüquqi islahatlar yolu Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident cənab İlham Əliyev ölkəmizdə qanunun aliliyinin təmin olunması, hüquqi dövlətin möhkəmləndirilməsi və vətəndaş hüquqlarının qorunması istiqamətində ardıcıl islahatlar həyata keçirir. Ötən dövrlərdə Konstitusiyaya bir neçə dəfə edilmiş əlavə və dəyişikliklər müasir dövrün tələblərinə müvafiq insan hüquqlarının daha da gücləndirilməsinə, dövlət idarəçiliyinin çevik və səmərəli təşkilinə rəvac vermiş, respublikamızın hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yoluna, demokratik dəyərlərə sadiqliyini əyani şəkildə təcəssüm etdirmişdir.

Sonda “Ulu Öndər Heydər Əliyev və müstəqil Azərbaycan Respublikasının Konstitusiyası” adlı film nümayiş olunub.

Keçidlər