Daşkəsən rayon Heydər Əliyev Mərkəzində məktəblilərlə 8 Noyabr – Zəfər Gününə həsr olunan “Zəfərimizin 6 yaşı” adlı növbəti görüş keçirilib
Oktyabrın 26-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin və Daşkəsən rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Qarabağ müharibəsi veteranlarının iştirakı ilə keçirilən “Zəfərimizin 6 yaşı” adlı görüşün məqsədi 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətini məktəblilərə aşılamaq, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin gənc nəsil arasında təbliği, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması, eləcə də qəhrəmanlıq tariximizin gələcək nəsillərə çatdırılmasıdır.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Giriş nitqi ilə çıxış edən Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova və Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın gənc nəsil üçün hər zaman örnək olduğunu vurğulayıblar.
Vətən müharibəsi qaziləri və iştirakçıları Ceyhun Əliyev, Nəsimi Qafarov, Eyvaz Namazov, Asim Nuriyev və Birinci Qarabağ müharibəsi iştirakçısı Natiq Abdullayev öz döyüş xatirələrini məktəblilərlə bölüşüb, cəbhədə yaşadıqları çətinliklərdən, döyüş yoldaşlarının qəhrəmanlığından və Ulu Öndər Heydər Əliyev siyasətinin xalqımızı Zəfərə aparan şərəfli yoldan danışıblar.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və xalqımızın şanlı Zəfərinə həsr olunmuş sənədli film nümayiş etdirilib.






