Daşkəsən rayon Əmirvar kəndində “Konstitusiya və Suverenlik İli” çərçivəsində təmizlik aksiyası təşkil olunub
Fevralın 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əmirvar kəndində Prezident cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq təmizlik aksiyası keçirilib.
Konstitusiyamızın 39-cu maddəsinə əsasən, hər bir vətəndaşın sağlam ətraf mühitdə yaşamaq hüququ var. Eyni zamanda, bu hüququn təmin olunması üçün hər kəsin ətraf mühitin mühafizəsi və ona qayğı ilə yanaşmaq borcu vurğulanır. Bu kontekstdə Daşkəsən rayonu ərazisində il boyu keçirilməsi nəzərdə tutulan təmizlik aksiyaları təkcə ekoloji tədbir deyil, həm də Konstitusiyada təsbit olunmuş ekoloji hüquqların və vətəndaş məsuliyyətinin praktik təzahürü kimi çıxış edir.
Aksiyada Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, gənc könüllülər və sakinlər iştirak ediblər. Zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları əraziləri plastik və digər məişət tullantılarından təmizləyərək aidiyyəti üzrə təhvil veriblər.
Aksiya yalnız tullantıların yığılması ilə yekunlaşmayıb. İştirakçılara ətraf mühitin qorunması, tullantıların düzgün çeşidlənməsi, plastik tullantıların azaldılması və su ehtiyatlarının qorunması kimi vacib mövzularda məlumat verilib. Vurğulanıb ki, ekoloji tədbirlər də dövlət suverenliyinin mühüm bir hissəsi kimi qiymətləndirilir. Çünki ekoloji təhlükəsizlik ölkənin iqtisadi və sosial sabitliyinin əsas dayaqlarından biridir. Təmiz və sağlam mühit yalnız dövlət siyasətinin deyil, həm də hər bir vətəndaşın məsuliyyətidir. Suveren ölkənin gələcəyi sağlam cəmiyyət və qorunan təbiətlə bağlıdır. Hər bir vətəndaş Konstitusiyanın verdiyi hüquqlardan istifadə etməklə yanaşı, ölkəmizin inkişafı naminə onu qorumalı və gələcək nəsillərə sağlam bir mühitin ötürülməsinə dəstək olmalıdır.