Daşkəsən Qaz Xidmət Sahəsinin inzibati binasında “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda görüş keçirilib
Oktyabrın 14-də Şəmkir RQİİ-nin Daşkəsən Xidmət Sahəsinin inzibati binasında "Konstitusiya və Suverenlik İli" çərçivəsində təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirilən görüşün əvvəlində müasir Azərbaycanın qurucusu və müstəqil dövlətçiliyimizin banisi Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Elmar Əliyev və Şəmkir RQİİ-nin Daşkəsən rayonu üzrə rəis müavini Namiq Muradov mövzuya dair məruzələrlə çıxış ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev məruzəsində vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmasında həlledici rol oynamışdır. O bildirib ki, Konstitusiyamız dövlət-vətəndaş münasibətlərini tənzimləyən, insan hüquq və azadlıqlarını təmin edən və xalqın iradəsini əks etdirən fundamental hüquqi sənəddir. Ulu Öndər Heydər Əliyevin siyasi irsi bu gün də ölkəmizin inkişaf strategiyasının əsasını təşkil edir və bu siyasi kurs Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Şəmkir RQİİ-nin Daşkəsən rayonu üzrə rəis müavini Namiq Muradov isə məruzəsində qeyd edib ki, Azərbaycanın enerji təhlükəsizliyində mühüm rolu olan qaz təsərrüfatının davamlı və səmərəli fəaliyyəti ölkəmizin suverenliyinin möhkəmləndirilməsi ilə birbaşa bağlıdır. Müstəqil Azərbaycanın ilk Konstitusiyası bu sahədə də hüquqi çərçivəni formalaşdırmaqla qaz təsərrüfatında dövlət nəzarətinin və vətəndaşlara xidmətin əsaslarını müəyyən etmişdir. Ölkəmizin hər bir guşəsində, o cümlədən Daşkəsəndə əhaliyə göstərilən qaz xidmətinin keyfiyyətinin artırılması və dayanıqlılığının təmin olunması uğurlu dövlət siyasətinin nəticəsidir. Bu siyasətin təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident cənab İlham Əliyevin yeni dövrün tələblərinə uyğun yaradıcılıqla davam etdirdiyi dinamik inkişaf kursu dayanır.
Sonda iştirakçılar məruzələr ətrafında fikir mübadiləsi aparıblar. Bildiriblər ki, ölkəmizdə bütün sahələr üzrə əldə olunan uğurlar möhkəm qanunvericilik bazasına və düzgün idarəetmə mexanizmlərinə söykənir.






