Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Bu gün Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günüdür

22 noyabr 2026 | 08:02

Azərbaycan ədliyyə orqanlarının yaradılmasının 108-ci ildönümü tamam olur. Azərbaycan ədliyyəsinin müasir tarixinin başlanğıcı Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə eyni dövrə təsadüf edir. 1918-ci il mayın 28-də Cümhuriyyətin elan olunduğu gün Ədliyyə Nazirliyinin də təsis edilməsi yeni dövlətin hüquqi əsaslarının formalaşdırılmasına, qanunun aliliyinin təmin olunmasına və ədalət mühakiməsi sisteminin qurulmasına verilən böyük əhəmiyyətin göstəricisi idi. Həmin il noyabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edildi. Məhz bu tarixi hadisəni əsas götürən Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə noyabrın 22-si ədliyyə işçilərinin peşə bayramı günü elan edildi.

Azərbaycan ədliyyəsi ötən 108 il ərzində mürəkkəb tarixi mərhələlərdən keçərək zəngin inkişaf yolu qət edib. Bu yolun mühüm mərhələlərindən biri Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir. 1970-ci il oktyabrın 27-də Ədliyyə Nazirliyinin yenidən təsis olunması ölkənin hüquq sisteminin formalaşdırılması və ədliyyə fəaliyyətinin inkişafı baxımından böyük əhəmiyyət daşıyırdı. Bununla da sahənin institusional əsaslarının möhkəmləndirilməsi, hüquqi fəaliyyətin təkmilləşdirilməsi və gələcək inkişafı üçün əlverişli zəmin yaradıldı.

Müstəqilliyimizin bərpasından sonra isə Azərbaycan ədliyyəsi yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən fundamental hüquqi islahatlar nəticəsində milli qanunvericilik müasir dövlətçilik prinsiplərinə uyğunlaşdırıldı, ədliyyə orqanlarının fəaliyyəti yenidən quruldu, ölkədə yeni üçpilləli məhkəmə sistemi formalaşdırıldı. Bu islahatlar hüquqi dövlət quruculuğunun möhkəm təməllərini yaratmaqla yanaşı, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, qanunun aliliyinin təmin olunması istiqamətində dönüş nöqtəsi oldu.

Bu gün Ümummilli Liderin müəyyən etdiyi strateji inkişaf xətti Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində ədliyyə və məhkəmə-hüquq sistemində ardıcıl, məqsədyönlü və genişmiqyaslı islahatlar həyata keçirilir. Prezidentin 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi və Nazirliyə hüquq-mühafizə orqanı statusunun verilməsi, həmin il mayın 26-da “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun qəbul olunması, avqustun 17-də isə “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərmanın imzalanması bu sahənin institusional inkişafında yeni mərhələni təşkil edib.

Sonrakı illərdə qəbul edilən dövlət proqramları və strateji sənədlər ədliyyə sisteminin fəaliyyətinin daha da təkmilləşdirilməsinə, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və müasir idarəetmə mexanizmlərinin tətbiqinə geniş imkanlar yaradıb. Xüsusilə Prezident cənab İlham Əliyevin 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Sərəncam və 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, hüquqi xidmətlərin əlçatanlığının genişləndirilməsinə, vətəndaş məmnunluğunun təmin edilməsinə və rəqəmsal innovasiyaların tətbiqinə təkan verib.

Müasir dövrdə ədliyyə sisteminin inkişafını şərtləndirən əsas istiqamətlərdən biri rəqəmsallaşma və innovativ texnologiyaların geniş tətbiqidir. Hazırda Ədliyyə Nazirliyi tərəfindən əhaliyə 40-dək elektron xidmət göstərilir, vətəndaşların dövlət xidmətlərindən daha rahat, operativ və məsafədən yararlanması üçün yeni rəqəmsal imkanlar yaradılır. Bu istiqamətdə həyata keçirilən yeniliklərdən biri də müxtəlif ədliyyə xidmətlərinin vahid mənbədən və elektron platforma üzərindən təqdim edilməsinə imkan verən Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng – “ƏN TEZ” xidmət platformasıdır. Belə innovativ həllər ədliyyə xidmətlərinin əlçatanlığını artırmaqla, dövlət-vətəndaş münasibətlərində operativlik, şəffaflıq və səmərəliliyin yüksəldilməsinə xidmət edir.

Ədliyyə Nazirliyinin fəaliyyəti çoxşaxəlidir. Nazirlik qanunvericiliyin təkmilləşdirilməsində iştirak edir, dövlət reyestrlərinin aparılmasını, vətəndaşlıq vəziyyəti aktlarının və qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatını həyata keçirir. Bununla yanaşı, penitensiar sistemə rəhbərlik edir, notariat fəaliyyətini, məhkəmə ekspertizalarının keçirilməsini, məhkəmə və digər orqanların qərarlarının icrasını, probasiya nəzarətini təmin edir. Ədalət mühakiməsi əleyhinə və qanunvericiliklə müəyyən edilmiş digər cinayətlər üzrə ibtidai istintaqın aparılması da Nazirliyin fəaliyyət istiqamətlərinə daxildir. Bununla yanaşı, bələdiyyələrə metodoloji yardım göstərilməsi, hüquqşünasların, ədliyyə və məhkəmə işçilərinin peşə hazırlığının və ixtisasartırmasının təşkili, beynəlxalq hüquqi əməkdaşlığın inkişaf etdirilməsi, hüquqi yardım və müqavilələrin icrasının təmin olunması da Nazirliyin vəzifələrindəndir. Ədliyyə Akademiyasının fəaliyyəti bu sahədə peşəkar kadr potensialının formalaşdırılması, hüquqi biliklərin artırılması və peşəkar inkişaf baxımından xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar ədliyyə sisteminin yalnız dövlət idarəçiliyinin bir sahəsi deyil, həm də cəmiyyətin hüquqi təhlükəsizliyinin və ictimai etimadın təmin olunmasında vacib institut olduğunu göstərir.

İslahatların əsas istiqamətlərindən biri də penitensiar sistemin müasirləşdirilməsi, məhkum və təqsirləndirilən şəxslərin hüquqlarının qorunması, saxlanma şəraitinin yaxşılaşdırılması və onların cəmiyyətə reinteqrasiyasıdır. Bu məqsədlə penitensiar infrastruktur yenilənir, beynəlxalq standartlara uyğun müasir müəssisələr yaradılır. Bakıda yeni istintaq təcridxanasının, yetkinlik yaşına çatmayanlar və qadınlar üçün müasir penitensiar müəssisələrin inşa edilərək istifadəyə verilməsi bu sahədə görülən işlərin nəticələrindəndir. Dövlət başçısının həmin müəssisələrə şəxsən baş çəkərək yaradılmış şəraitlə tanış olması isə göstərilən xüsusi diqqətin bariz ifadəsidir.

Azərbaycan ədliyyəsinin tarixində Vətən müharibəsi dövrü də xüsusi yer tutur. 44 günlük Vətən müharibəsi zamanı ədliyyə orqanları və onların əməkdaşları dövlətimiz və ordumuzla həmrəylik nümayiş etdirərək ümummilli mübarizəyə öz töhfələrini verdilər. Ədliyyə işçiləri və hakimlər hərbi əməliyyatlarda fəal iştirak etdilər, Ermənistanın törətdiyi müharibə cinayətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında məqsədyönlü fəaliyyət göstərdilər. Bu, ədliyyə əməkdaşlarının yalnız peşə vəzifələrinə deyil, dövlətçilik və vətənpərvərlik prinsiplərinə də sadiqliyinin göstəricisi idi.

Bu gün Azərbaycan ədliyyəsi qarşısında duran əsas vəzifələrdən biri də işğaldan azad edilmiş ərazilərdə hüquqi infrastrukturun bərpası və ədliyyə fəaliyyətinin təşkilidir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq həmin ərazilərdə ədliyyə və məhkəmə orqanlarının fəaliyyətinin bərpası, zəruri infrastrukturun yaradılması və hüquqi xidmətlərin təşkilinə dair tədbirlər görülür.

Azərbaycanın ədliyyə və məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar, müasir infrastrukturun yaradılması, rəqəmsal texnologiyaların tətbiqi və hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi ölkəmizin hüquqi dövlət quruculuğunda əldə etdiyi nailiyyətlərdəndir. Bu inkişafın beynəlxalq səviyyədə də müsbət qiymətləndirilməsi Azərbaycan ədliyyəsinin müasir çağırışlara uyğun şəkildə yeniləndiyini və inkişaf etdiyini təsdiqləyir. Ədliyyə sisteminin davamlı inkişafında bu sahədə çalışan əməkdaşların peşəkarlığı, məsuliyyəti və fədakar əməyinin xüsusi yeri vardır. Dövlət tərəfindən ədliyyə işçilərinin fəaliyyətinin mütəmadi olaraq yüksək qiymətləndirilməsi, onların müxtəlif dövlət təltiflərinə layiq görülməsi bu əməyə verilən dəyərin və sahəyə göstərilən diqqətin ifadəsidir.

Peşə bayramı münasibətlə bütün ədliyyə işçilərini səmimi-qəlbdən təbrik edir, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində yeni uğurlar, möhkəm cansağlığı, dövlətimizə, xalqımıza xidmət yolunda daim yüksək nailiyyətlər arzulayırıq!

 

Keçidlər