“AzerGold”un təşkilatçılığı ilə Daşkəsən rayonunun Quşçu kəndində keçirilən səyyar tibbi müayinə aksiyasına yekun vurulub
4–6 sentyabr tarixlərində Daşkəsən rayonunun Quşçu kəndində “AzerGold” QSC-nin təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinin və Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə səyyar tibbi müayinə günləri keçirilib. “AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyinə həsr olunan aksiya ənənəvi olaraq “Öncə sağlamlıq!” devizi altında təşkil edilib.
Sosialyönümlü layihə çərçivəsində “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi Daşkəsən rayonunda, xüsusilə “Çovdar” qızıl mədəninin ətrafında yerləşən yaşayış məntəqələrinin sakinlərinin ödənişsiz tibbi müayinədən keçməsi təmin olunub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Quşçu kəndinə gələrək səyyar tibbi müayinə aksiyasına baxış keçirib. Rayon rəhbəri sakinlər üçün yaradılmış şəraitlə tanış olub, göstərilən tibbi xidmətlərlə maraqlanıb və müayinələrdən keçən vətəndaşlarla söhbət edib.
3 gün ərzində 322 rayon sakini müxtəlif ixtisaslar üzrə həkim müayinəsindən keçib. Sakinlər oftalmoloq, terapevt, LOR, endokrinoloq, kardioloq, nevroloq, pediatr və ümumi cərrahın xidmətlərindən istifadə ediblər.
Habelə USM, EXO, EKQ, qan və sidiyin ümumi analizi, virus hepatitlərinin və qanda şəkərin təyini kimi diaqnostik müayinələr də aparılıb.
Sakinlər müasir avadanlıqlarla təchiz edilmiş səyyar oftalmoloji klinikanın xidmətlərindən də yararlanıblar. Burada ümumi göz müayinəsi, görmə diaqnostikası, gözdaxili təzyiqin ölçülməsi, gözün optik gücünün müəyyənləşdirilməsi və digər oftalmoloji müayinələr həyata keçirilib.
Aksiya müddətində ümumilikdə 2165 tibbi xidmət göstərilib. Müayinələr zamanı müxtəlif sağlamlıq problemləri aşkarlanan şəxslərə müvafiq müalicə və əlavə müayinələrlə bağlı tövsiyələr verilib. İxtisaslaşmış tibbi yardıma ehtiyacı olan vətəndaşlara isə aidiyyəti tibb müəssisələrinə müraciət etmək tövsiyə olunub.






