“AzerGold”un KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti dəfə görüş keçirib
Görüşdə “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, QSC-nin KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov və komitə üzvləri iştirak ediblər.
Ənənəvi xarakter daşıyan görüşün məqsədi yerli icmalarla işin gücləndirilməsi, görülən işlərlə bağlı onların məlumatlandırılması, sosial ehtiyacların öyrənilməsi, rəy və təkliflərin dinlənilməsidir.
İştirakçılara 2025-ci ilin birinci yarısında “AzerGold” QSC tərəfindən icra edilən, cari ilin ikinci yarısında planlaşdırılan sosial və ekoloji layihələr haqqında məlumat verilib. Qeyd olunub ki, hesabat dövründə Səhmdar Cəmiyyəti tərəfindən ətraf mühitin mühafizəsi, məşğulluq, kənd təsərrüfatı, şəhid və müharibədə yaralananların ailə üzvləri üçün peşə hazırlığı, uşaqların fərdi inkişafı, mədəniyyət, mədəni irsin qorunması sahəsində sosial layihələr icra edilib. Layihələrin həyata keçirilməsində Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi xüsusi vurğulanıb. Qarşıdakı dövrdə isə elm, təhsil, səhiyyə, idman, qadınların məşğulluğu, sosial infrastruktur və digər sahələrdə yeni təşəbbüslərin icrasının planlaşdırıldığı diqqətə çatdırılıb.
Sonra sakinlərin müraciətləri dinlənilib, yeni təkliflər müzakirə edilib. Həmçinin vətəndaşların qaldırdıqları bəzi məsələlər araşdırılması və mövcud qanunvericilik çərçivəsində həll edilməsi üçün qeydiyyata alınıb.