“AzerGold” QSC turizm blogerləri üçün Daşkəsən rayonuna və ÇİRES-ə infotur təşkil edib
“AzerGold” QSC-nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin və Daşkəsən Rayon icra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvü olan 14 turizm blogeri üçün Daşkəsən rayonuna, o cümlədən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) infotur təşkil edilib.
Dövlət şirkətinin cari il üzrə Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində keçirilən üçgünlük infoturun əsas məqsədi Daşkəsən rayonunun turizm potensialının, zəngin təbii landşaftının, tarixi-mədəni irsinin və ekoturizm imkanlarının daha geniş auditoriyaya tanıdılması olub.
Səfər çərçivəsində iştirakçılar əvvəlcə ÇİRES-də olublar. Onlara müəssisənin fəaliyyəti, qızılın hasilatı və emalı prosesləri, istehsalatda tətbiq olunan müasir texnologiyalar, əməyin və ətraf mühitin mühafizəsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Blogerlər istehsalat sahələrini yerində müşahidə edərək qızılın emal mərhələləri ilə tanış olublar.
İnfotur iştirakçıları Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovla da görüşüblər. Görüş zamanı rayonun turizm potensialı, tarixi-mədəni irsi, təbii landşaftı, ekoturizm imkanları, eləcə də bu sahədə həyata keçirilən layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Orxan Abbasov Daşkəsənin turizm imkanlarının geniş auditoriyaya tanıdılmasında bu cür infoturların əhəmiyyətini vurğulayaraq, blogerlərə fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra iştirakçılar Daşkəsən şəhəri ilə yanaşı, rayonun Quşçu, Bayan, Qabaqtəpə, Zağalı və Xoşbulaq kəndlərini ziyarət ediblər. Onlar rayonun təbii gözəllikləri, tarixi-mədəni irsi, ekoturizm və rekreasiya imkanları ilə əyani tanış olaraq, foto və video məzmunlar hazırlayıblar. Həmçinin Daşkəsənin turizm marşrutları və ziyarətçilər üçün maraqlı istiqamətləri barədə geniş məlumat alıblar.
Qeyd edək ki, “AzerGold” QSC fəaliyyət göstərdiyi bölgələrdə tarixi-mədəni irsin qorunması və turizm potensialının təbliği istiqamətində ardıcıl layihələr həyata keçirir. Bu çərçivədə Cəmiyyət tərəfindən 2023-cü ildə Daşkəsən rayonunun tarixi və təbiət abidələrini əhatə edən təqvim-kataloq hazırlanıb. Habelə “Daşkəsən rayonunda tarixi-mədəni irsin tanıdılması” layihəsi çərçivəsində 2025-ci ildə rayonun 46 tarixi-memarlıq abidəsində məlumat lövhələri quraşdırılıb.






