Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Daşkəsən sakinləri ilə növbəti görüşünü keçirib

22 iyul 2026 | 16:53

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsi Daşkəsən rayonunun Çovdar və Quşçu kəndləri, eləcə də digər yaşayış məntəqələrinin sakinləri ilə növbəti görüş keçirib.

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində təşkil olunan görüşdə “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, KSM Komitəsinin üzvü İlqar Cəlilov, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov, eləcə də komitənin digər üzvləri iştirak ediblər.

Görüş zamanı Səhmdar Cəmiyyətin fəaliyyət göstərdiyi, xüsusilə hasilat işlərinin həyata keçirildiyi mədənlərin yaxınlığında yerləşən kənd və qəsəbələrin sosial-iqtisadi inkişafının dəstəklənməsi, ətraf mühitin mühafizəsi və yerli icmaların rifahının yaxşılaşdırılması sahələrində görülən işlər barədə sakinlərə ətraflı məlumat verilib. Qeyd olunub ki, 2026-cı ilin ilk yarısında rayon ərazisində sosial rifahın gücləndirilməsi, abadlıq-quruculuq, azyaşlıların asudə vaxtının səmərəli təşkili, təhsilin təşviqi, mədəni maarifləndirmə, idmanın inkişafı, ətraf mühitin mühafizəsi və digər istiqamətlər üzrə dövlət siyasətinə əlavə töhfə vermək məqsədilə ümumilikdə 15 sosial layihə və tədbir həyata keçirilib. Cari ilin sonunadək “AzerGold” QSC ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı çərçivəsində Quşçu kəndində günəş enerjisi ilə işləyən küçə işıqlandırma sisteminin quraşdırılması, genişmiqyaslı səyyar tibbi müayinə aksiyası, Daşkəsən məktəbliləri üçün tədris mərkəzinin yaradılması, həmçinin bir sıra infrastruktur layihələrinin icrası nəzərdə tutulur.

Tədbirin sonunda sakinlərin müraciətləri dinlənilib, təklif və təşəbbüsləri ətrafında fikir mübadiləsi aparılıb. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli imkanlarının qiymətləndirilməsi məqsədilə qeydiyyata alınıb.

Keçidlər