“AzerGold” QSC-də “Gələcəyin mədənçisi” təhsil layihəsinin tələbə adını qazanmış Daşkəsən rayonundan olan məzunlarla görüş keçirilib
Sentyabrın 10-da “AzerGold” QSC-nin inzibati binasında “Gələcəyin mədənçisi” layihəsinin tələbə adını qazanmış daşkəsənli gənclərlə görüş təşkil olunub. Görüşdə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, tələbə adını qazanmış Daşkəsən rayon Quşçu kənd Ə.İsmayılov adına tam orta ümumtəhsil məktəbinin builki 11-ci sinif məzunları Xəyal Əlirzayev, Sevinc Nəcəfova, Xəqan Məmmədov və Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin builki 11-ci sinif məzunu Ayaz Alıyev, onların təmsil olunduqları ümumtəhsil məktəblərinin direktorları və Daşkəsən rayon təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Zakir İbrahimov layihə iştirakçılarını təbrik edərək, onlara təhsil həyatında uğurlar arzulayıb, gələcəkdə dağ-mədən sahəsi üzrə ixtisaslı mütəxəssis kimi yetişmələri üçün Cəmiyyət tərəfindən bundan sonra da müvafiq dəstəyin göstəriləcəyini diqqətə çatdırıb. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə dağ-mədən sənayesinin inkişaf etdiyini diqqətə çatdıran Zakir İbrahimov bu sahədə peşəkar kadrlara olan tələbatın da artırdığını bildirib. Şirkətin həyata keçirdiyi təhsil layihələrinin, təcrübə və təqaüd proqramlarının əsas hədəfinin bu ehtiyacın hasilatın icra olunduğu bölgələrdə yaşayan sakinlərin hesabına ödənilməsinə töhfə vermək olduğu vurğulayıb.
Görüşdə “Gələcəyin mədənçisi” layihəsi ilə yanaşı, Heydər Əliyev Fondunun təşəbbüsü və “AzerGold” QSC-nin dəstəyi ilə həyata keçirilmiş Daşkəsən rayon Quşçu qəsəbə S.İsgəndərov adına tam orta ümumtəhsil məktəbinin yeni modul tipli məktəb binasının inşası, eləcə də Daşkəsən rayonunda təhsilin maddi-texniki bazasının gücləndirilməsinə yönəlmiş digər sosial layihələrin əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb, gələcəkdə nəzərdə tutulan layihələrdən bəhs edilib.
Qeyd edək ki, “AzerGold” QSC tərəfindən “Gələcəyin mədənçisi” layihəsinin icrasına 2023-cü ildə başlanılıb. Layihə çərçivəsində Daşkəsən rayonunda təhsil alan və layihədə iştirak etmək istəyən 10-cu sinif şagirdləri müvafiq test imtahanı və inşa yazısı müsabiqəsindən keçiblər. Daha məqbul qiymətlər alan 10 nəfər şagird metallurgiya, dağ-mədən mühəndisliyi və geologiya ixtisasları üzrə 20 aylıq ali məktəbə hazırlıq proqramlarına cəlb olunublar. Layihəni uğurla başa vurmuş 8 şagirddən 4 nəfəri bu il ali məktəblərə qəbul imtahanlarının nəticələrinə uyğun tələbə adını qazanıb.






