“AzerGold” QSC Daşkəsəndə yerli icmalarla növbəti görüş keçirib
“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin Daşkəsən şəhərində vətəndaşlarla ilin yekunlarına dair görüşü keçirilib. Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, QSC-nin KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev və “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, “Daşkəsən Dəmir Filiz” MMC-nin KSM Komitəsinin sədri İlqar Cəlilov iştirak ediblər.
Daşkəsən şəhəri, rayonun Quşçu, Çovdar, Bayan və digər kəndlərinin sakinlərinin qatıldığı hesabat xarakterli tədbirdə “AzerGold” QSC və “Daşkəsən Dəmir Filiz” MMC ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı çərçivəsində 2025-ci il ərzində icra edilmiş, 2026-cı ildə isə icrası planlaşdırılan sosial və ekoloji layihələr barədə məlumat verilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov sosial layihələrin xüsusilə təhsil, məşğulluq və infrastruktur sahələrində müsbət nəticələr verdiyini vurğulayıb. O, layihələrin davamlı inkişaf prinsiplərinə uyğun icrasının rayon üçün uzunmüddətli faydalar yaratdığını müsbət hal kimi qiymətləndirib.
“AzerGold”un KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev Cəmiyyətin dağ-mədən sənayesinin inkişafı sahəsində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyətlərin rayonun iqtisadi göstəricilərinin yüksəlməsinə, eləcə də orta aylıq əməkhaqqı səviyyəsinə görə respublika üzrə ilk üçlükdə qərarlaşmasına mühüm töhfə verdiyini deyib. Diqqətə çatdırıb ki, əksəriyyəti ucqar kəndləri təmsil edən 756 nəfər Daşkəsən sakini “AzerGold” QSC-nin fəaliyyət istiqamətləri üzrə daimi işlə təmin olunublar.
Xəyyam Fərzəliyev onu da bildirib ki, 2025-ci il ərzində Cəmiyyət tərəfindən Daşkəsən rayonunda sosial rifahın gücləndirilməsi, təhsilin təşviqi, mədəni maarifləndirmə, idmanın təbliği və digər sahələrdə dövlət siyasətinə əlavə töhfə vermək məqsədilə müxtəlif sosial layihələr həyata keçirilib. 2026-cı ildə də sosial məsuliyyətlilik prinsipləri əsasında təhsil, sağlamlıq, inklüziv inkişaf, infrastruktur, kənd təsərrüfatının inkişafı, fermer təsərrüfatlarına dəstək, ətraf mühitin mühafizəsi və digər istiqamətlər üzrə layihələrin icrası davam etdiriləcəkdir.
Sonra vətəndaşların müraciətləri dinlənilib və bir sıra yeni təşəbbüslər müzakirə olunub. Həmçinin vətəndaşların qaldırdıqları məsələlər araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi üçün qeydiyyata alınıb.
Sonda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “AzerGold” QSC adından görüş iştirakçılarına səmimi bayram təbrikləri çatdırılıb.






