Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev – tarixin axarını dəyişən dahi şəxsiyyət

10 may 2025 | 08:51

102 il bundan əvvəl qədim Naxçıvan torpağında dünyaya göz açmış Ulu Öndər Heydər Əliyevin böyük ürəyi həyatının bütün dövrlərində həmişə Azərbaycan xalqı üçün döyünmüş, o, Vətənə xidməti özünə daim borc bilmişdir.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müstəqil Azərbaycanı, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində inkişaf məhz onun adı ilə bağlıdır.

20-ci yüzilliyin 60-cı illərində Azərbaycanda bütün sahələrdə durğunluq hökm sürürdü. Ölkəmiz keçmiş ittifaq respublikaları içərisində sənaye və kənd təsərrüfatının ümumi inkişaf səviyyəsinə, gəlirinin həcminə və əmək məhsuldarlığının artım sürətinə, habelə əhalinin yaşayış səviyyəsinə görə geridə qalırdı. Respublikamıza yeni nəfəs, modernləşmə və konseptual yanaşma tələb olunurdu. Bu acınacaqlı vəziyyətdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi.

Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafına nail oldu. Heydər Əliyevin apardığı quruculuq işləri və onun şəxsiyyətinə ittifaq səviyyəsində olan hörmətin nəticəsində Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrildi. Bu illərdə elm tutumlu sənayenin, o cümlədən elektrik energetikasının, maşınqayırmanın, neft-kimyanın, həmçinin kənd təsərrüfatının sürətli inkişafı təmin edildi, Azərbaycan əksər iqtisadi göstəricilərinə görə orta ittifaq səviyyəsini ötdü. Heydər Əliyevin rəhbərliyi altında 13 il ərzində Azərbaycan ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə qədər yol keçdi və o dövrdə Sovet ittifaqında yalnız Rusiya və Azərbaycan özünü təmin edən donor respublikalar idi.

Azərbaycançılıq ideologiyasının formalaşması, Ana dilimizin, mədəniyyətimizin, elm və təhsilin dövlət qayğısı ilə əhatə olunması, gənclərin SSRİ-nin ən yaxşı ali məktəblərində oxumağa göndərilməsi, 1971-ci ildə Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbinin yaradılması, azərbaycanlıların respublikanın rəhbər strukturlarında daha çox təmsil olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar kimi tanıdılması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri idi.

Beləliklə, Heydər Əliyevin Azərbaycan miqyasına sığmayan istedadı və təcrübəsi onun sovet rəhbərliyinə yüksəlməsi ilə nəticələndi. 1982-ci ilin dekabrında Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi.

SSRİ kimi nəhəng dövlətin hakimiyyət sistemində Azərbaycan oğlunun yüksək mövqe tutması çox qürurverici hadisə idi. Bu illərdəki coşqun fəaliyyəti, yüksək işgüzarlığı, fitri təşkilatçılıq bacarığı onun şöhrətini getdikcə artırır, sorağı SSRİ-nin hüdudlarını aşırdı. Heydər Əliyev Moskvada yaşadığı və işlədiyi dövrdə də Azərbaycana diqqət və qayğısını əsirgəmir, respublikamızın sosial-iqtisadi və mədəni həyatı ilə daim maraqlanırdı.

Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini postunu tutması Qorbaçov-erməni qruplaşmasına sərf etmirdi. Heydər Əliyev Mixail Qorbaçovun haqsız təzyiqlərinə baxmayaraq, onun yeritdiyi siyasi xətti, xüsusilə Qafqazda apardığı  siyasəti kəskin şəkildə tənqid edir, yetişməkdə olan Qarabağ problemi haqqında xəbərdarlıq edirdi. Şəxsən baş katib Mixail Qorbaçovun yürütdüyü siyasi xəttə etiraz əlaməti olaraq Heydər Əliyevin 1987-ci il oktyabrın 21-də Sovet rəhbərliyindən istefasından sonra Azərbaycanda hadislər sürətlə cərəyan etməyə başladı. İki həftə keçməmiş erməni separatçıları məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməlidir. Beləliklə, Dağlıq Qarabağ probleminin əsası qoyuldu və respublikada ictimai-siyasi və sosial-iqtisadi böhran getdikcə dərinləşməyə başladı. Eyni zamanda, 1988-ci ildən başlayaraq Ermənistanda yaşayan 220 mindən artıq  azərbaycanlı öz yurd-yuvasından kütləvi şəkildə zorla qovuldu, bir çoxu öldürüldü və işgəncələrə məruz qaldı.

SSRİ rəhbərliyinin imperiya siyasətinə və ermənipərəst mövqeyinə etiraz əlaməti olaraq, Azərbaycan xalqı azadlıq hərəkatına qalxdı. Xalqımızın müstəqillik əzmini qırmaq üçün 1990-cı ilin yanvarında Bakıya qoşun yeridildi və qanlı qırğın törədildi. Azərbaycan xalqının taleyinə biganə qala bilməyən Heydər Əliyev özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar ilə əlaqədar bəyanat verdi.

Məhz belə bir ağır zamanda Heydər Əliyev xalqının yanında olmaq üçün Bakıya gəlsə də, ovaxtkı hakimiyyətin təzyiqləri nəticəsində doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu. Azərbaycanın müstəqilliyə gedən yolda ilk addımlar məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda atıldı. Onun rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarıldı, üçrəngli milli bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, 20 Yanvar faciəsinə siyasi qiymət verildi, SSRİ-nin saxlanılması barədə referendumdan imtina olundu, mühüm imperiya strukturlarının fəaliyyəti dayandırıldı, ilk dəfə olaraq sovet qoşun hissələri muxtar respublikadan çıxarıldı. Bütün bunlarla yanaşı, Ulu Öndər Heydər Əliyev Naxçıvanı erməni işğalından qorudu və muxtar respublikanın iqtisadi-sosial blokadadan çıxarılması üçün əlindən gələni əsirgəmədi.

 1992-ci ildən başlayaraq, xüsusilə Sovet İttifaqı dağıldıqdan sonra, Qarabağda erməni silahlı qüvvələri birbaşa Ermənistan ordusunun köməkliyi ilə Azərbaycana qarşı genişmiqyaslı hücuma keçdi. Müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın qüvvələrini bir yerə cəmləşdirə biləcək qüdrətli bir lider yox idi. Bir tərəfdən Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal edilir, digər tərəfdən hakimiyyət çəkişmələri, səriştəsiz rəhbərlər, ölkədə siyasi vəziyyətin idarəolunmaz xarakter alması, xaos, anarxiya, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsi yaratdı. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.

1992-ci il oktyabrın 16-da Azərbaycanın siyasi həyatında mühüm bir hadisə baş verdi. Xalqın müxtəlif təbəqələrinin təşəbbüsü ilə o zaman Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevə müraciət edildi. 91 tanınmış ziyalı ona məktub yazaraq, ölkəni ağır vəziyyətdən çıxarması üçün siyasi səhnəyə qayıtmasını istədi. 1992-ci ilin oktyabrın 24-də Heydər Əliyev bu müraciətə cavab verdi və təklifi qəbul etdi. Ölkədəki siyasi xaosun hökm sürdüyü bir şəraitdə 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində 550 nəfərin iştirakı ilə keçirilmiş təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması elan olundu və Heydər Əliyev Partiyanın sədri seçildi.   

Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqın müxtəlif təbəqələrinin saysız-hesabsız müraciəti, təkidli tələbi və vəziyyətdən çıxış yolu tapmaqda aciz qalan iqtidarın özünün inadlı xahişləri ilə 1993-cü ilin iyunun 15-də Ulu Öndər Heydər Əliyev yenidən Azərbaycan hakimiyyətinin rəhbərliyinə gələrək, doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi xaos, anarxiya, vətəndaş müharibəsindən qurtardı, sosial-iqtisadi və siyasi qeyri-müəyyənliyi böyük məharətlə aradan qaldırdı. Bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, dövlətçiliyimizi hər cür sui-qəsddən, dövlət çevrilişi cəhdlərindən qorudu və ölkəmizi dayanıqlı inkişaf yoluna çıxardı. Dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının kəsişən nöqtələrini çox gözəl bilən Heydər Əliyev dərin zəkası, siyasi uzaqgörənliyi və polad məntiqi ilə hər şeyi yerinə qoya bildi. Təcrübəli dövlət xadiminin böyük zəhməti nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, ordu quruculuğunun əsası qoyuldu, ermənilər tərəfindən torpaqların işğalının qarşısı alındı, atəşkəs əldə edildi, Azərbaycanın yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiya işlənib hazırlandı. Heydər Əliyev müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən alıb, onun strateji mövqelərini bərpa etdi. Ona sabit ölkə imici qazandırdı.

Bütün bunlarla yanaşı, Heydər Əliyev çox böyük məharətlə ölkəmizin neft strategiyasını işləyib hazırladı. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bunun çox böyük iqtisadi dəyəri ilə yanaşı, siyasi əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan dünya iqtisadi siyasətinin maraq mərkəzinə çevrildi. Heydər Əliyevin qətiyyətinin təntənəsi olan “Əsrin müqaviləsi” müstəqil ölkəmizi dünyanın qüdrətli dövlətlərinin mühüm iqtisadi tərəfdaşına çevirdi.

Ulu Öndərin neft strategiyasının yeni bir mərhələsi Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi oldu. Bəzi dövlətlərin qısqanclıqla yanaşdıqları və hətta reallaşacağına şübhə etdikləri Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi 2006-cı ildə işə salınanda, BP şirkətinin prezidenti Con Braun onun əhəmiyyətindən danışarkən demişdir: “Bakı-Tbilisi-Ceyhan neft borusunun fəaliyyətə başlaması dünyanın enerji xəritəsini dəyişdi”. Amma dünyanın enerji xəritəsini dəyişən Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi yox, onun yaradıcısı Azərbaycanın dahi oğlu Heydər Əliyev oldu.

Ümummilli Liderin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul edildi. Bu il qəbul olunmasının 30 illiyini qeyd etdiyimiz Konstitusiyamızla Azərbaycan demokratik inkişafın yeni mərhələsinə qədəm qoydu.

Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan iqtisadiyyatının təkcə neft sənayesi üzərində qurulmasının da gələcəkdə arzuolunan nəticələr verməyəcəyini bilirdi. Məhz ona görə də neft gəlirləri hesabına iqtisadiyyatın müxtəlif sahələrini inkişaf etdirməyi vacib hesab edirdi. 

Postsovet məkanında ilk dəfə olaraq 1996-cı ildə Azərbaycanda Heydər Əliyevin göstərişi ilə torpaq islahatına başlandı. Kolxoz və sovxozların şəxsi və fermer təsərrüfatlarına çevrilməsi kənd təsərrüfatının inkişafında yeni üfüqlər açdı.

Ulu Öndərin təşəbbüskarlığı, qətiyyətli və prinsipial qərarları Azərbaycan iqtisadiyyatını tədricən dirçəltdi, ona yeni nəfəs verdi. Qısa müddətdə bazar iqtisadiyyatına keçidin qanunvericilik bazası formalaşmağa, iqtisadi həyatımızda sahibkarlıq fəaliyyəti yaranmağa başladı.

“Əsrin müqaviləsi”nin praktik cəhətdən reallaşması, sənayenin bir çox sahələrinə sərmayələrin yönəldilməsi, yeni istehsalat müəssisələrinin istifadəyə verilməsi sənayedə dirçəlişin təməlini qoydu. İqtisadiyyatın bütün sahələrində aparılan düzgün və səmərəli siyasət nəticəsində ölkədə ümumi daxili məhsul 71 faiz artdı və 2002-ci ildə 6,1 milyard manata çatdı.

Məhz Heydər Əliyevin çox gərgin və genişmiqyaslı fəal diplomatik fəaliyyəti nəticəsində dünyanın böyük dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının Azərbaycana, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə oldu, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edildi.

Heydər Əliyevin dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş azərbaycanlıların birlik və həmrəyliyinin yaradılması işində də müstəsna xidmətləri var. Ulu Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayı keçirildi, Azərbaycan diasporunun fəaliyyətinin canlandırılması və gücləndirilməsi sahəsində çox mühüm qərarlar qəbul edildi.

Ulu Öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasının davamını kimin təmin edə biləcəyini də müəyyənləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı. Ulu Öndərin müraciətində deyilirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

   Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursu, başlatdığı nəhəng işlərin icrası onun layiqli siyasi varisi Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident cənab İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi, xalqımızın rifahı üçün misilsiz tədbirlər və islahatlar həyata keçirir. Azərbaycan müasir müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır.

Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibi olması dünya miqyasında artıq tam qəbuledilən reallıqdır. Qəti əminliklə deyə bilərik ki, dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvü olan Azərbaycanda əldə edilən bütün bu uğurlar dövlətimizin apardığı düzgün siyasət və xalqımızın əzmi, iradəsi hesabına qazanılmışdır. Əldə edilən nailiyyətlərin və inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil dövlətdir. Ölkəmizdə gerçəkləşdirilən siyasət daim xalqın maraqlarına xidmət göstərir və Azərbaycan bu illərdə qazandığı uğur və nəticələrə dayanaraq 21-ci əsrin daha möhtəşəm tarixini yazmağı, irimiqyaslı və nəhəng vəzifələrin həllini hədəf götürür. Həmin inkişafın başlıca yekunlarından biri də dövlət başçısı cənab İlham Əliyevin bu sözlərində bariz ifadəsini tapmışdır: “Azərbaycan bu illər ərzində həm öz vətəndaşlarına, həm də dünyaya sübut etdi ki, biz müstəqil ölkə, azad xalq kimi yaşayırıq və yaşaya bilərik!”

Bu gün böyük fəxarət və qürur hissi ilə vurğulanmalıdır ki,  Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuşdur. Uzun illər ərzində Azərbaycanın hərtərəfli inkişafı üçün rəhbər tutulan strateji xəttin, ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi altında rəşadətli ordumuz döyüş meydanlarında əsl igidlik və qəhrəmanlıq nümayiş etdirərək Vətən müharibəsində cəmi 44 günə torpaqlarımızı böyük peşəkarlıqla işğaldan azad etdi. Ata vəsiyyətini yerinə yetirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan xalqını Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası ətrafında “dəmir yumruq” kimi birləşdirdi.

2023-cü ilin sentyanrın 19-da keçirilən lokal xarakterli antiterror əməliyyatından sonra indi üçrəngli şanlı bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə, Əsgəranda və Xocavənddə qürurla dalğalanır. Bizə Zəfər bəxş etmiş bütün igid oğullarımıza bir daha minnətdarlığımızı bildirir, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.

İndi işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində uğurlu addımlar atılır, həmvətənlərimiz öz ata-baba yurdlarına qayıdırlar.

Müasir Azərbaycanın qurucusu, dahi siyasətçi Heydər Əliyevin zəngin irsinin qorunması və təbliği istiqamətində görülən işlərdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti də xüsusi yer tutur. Mehriban xanım Əliyeva Ulu Öndərin ideyalarının yaşadılması və təbliği üçün həm ölkə daxilində, həm də xaricdə təqdirəlayiq ardıcıl genişmiqyaslı layihələr həyata keçirir. 

Daşkəsənlilər yaxşı bilirlər ki, Ulu Öndər həmişə xalqına, Vətəninə bağlı olmuş, öz cəsarəti, müdrikliyi, vətənpərvərliyi ilə xalqımızın keşiyində durmuş, ən çətin anlarda həyatını xalqımızın milli amallarına qurban verməyə hazır olduğunu dəfələrlə sübut etmişdir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın tükənməz milli sərvətidir.

Biz, Daşkəsənlilər həmişə olduğu kimi bundan sonra da Ulu Öndər Heydər Əliyevin Azərbaycanda daim yaşayan və qalib gələn ideyalarına sədaqət və inam nümayiş etdirəcək, əvəzolunmaz qüdrətli siyasi lider cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək ölkəmizin hərtərəfli davamlı inkişafı üçün var qüvvəmizi əsirgəməyəcəyik.

 

Orxan Abbasov

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı

Keçidlər