Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Azərbaycan Respublikasının qanunvericiliyində erkən nikahın qadağan edilməsi və bu sahədə qanunvericiliyin tələbləri

16 noyabr 2026 | 17:13

Ailə cəmiyyətin təməlidir. Sağlam ailənin təməli isə qarşılıqlı hörmətə, hüquq bərabərliyinə, mənəvi yetkinliyə və könüllü qərara əsaslanmalıdır. Hər bir insanın uşaqlıq və yeniyetməlik dövrünü yaşamaq, təhsil almaq, öz potensialını inkişaf etdirmək və gələcəyi ilə bağlı müstəqil qərarlar vermək hüququ vardır. Erkən evlilik isə bir çox hallarda bu hüquqların məhdudlaşmasına, uşaqların fiziki, psixoloji və sosial inkişafının pozulmasına səbəb olur.Erkən evlilik yalnız ailədaxili məsələ və ya adət-ənənə çərçivəsində qiymətləndirilə bilməz. Bu, eyni zamanda, insan hüquqları, uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyi və qanunun aliliyi ilə bilavasitə bağlı olan ciddi ictimai və hüquqi problemdir.

Azərbaycan Respublikasında uşaqların hüquqlarının qorunması, nikah yaşına dair tələblərin müəyyən edilməsi və erkən nikah hallarının qarşısının alınması dövlətin hüquqi siyasətinin mühüm istiqamətlərindəndir. Bu sahədə qanunvericiliyin əsas məqsədi yetkinlik yaşına çatmayan şəxslərin mənafelərini qorumaq, onların vaxtından əvvəl ailə qurmağa məcbur edilməsinin qarşısını almaq və sağlam gələcək üçün bərabər imkanlar yaratmaqdır.

Erkən evlilik dedikdə, şəxsin fiziki, psixoloji, sosial və hüquqi baxımdan ailə qurmağa hazır olmadığı yaşda nikaha daxil olması nəzərdə tutulur. Xüsusilə yetkinlik yaşına çatmayan şəxslərin evliliyə cəlb edilməsi onların fundamental hüquqlarının pozulması riski yaradır. Burada əsas hüquqi fərqə diqqət yetirmək lazımdır: Azərbaycan Respublikasının qanunvericiliyində rəsmi nikahın bağlanması üçün müəyyən edilmiş yaş həddi vardır. Həmin yaş həddinə çatmayan şəxslərin dini mərasim və ya ailə razılığı əsasında birlikdə yaşamağa başlaması dövlət qeydiyyatına alınmış nikahla eyni hüquqi nəticələr doğurmur. Başqa sözlə, valideynlərin razılığı, ailələrin qarşılıqlı anlaşması, adət-ənənələr və ya dini mərasim qanunla müəyyən edilmiş nikah yaşını əvəz edə bilməz.

Erkən evlilik aşağıdakı mənfi nəticələrə səbəb ola bilər:

  1. Qız və oğlan uşaqlarının təhsil hüququnun məhdudlaşması;
  2. Erkən hamiləlik və bununla əlaqədar sağlamlıq riskləri;
  3. Psixoloji gərginlik, emosional və sosial təcrid;
  4. İqtisadi asılılığın və ailədaxili zorakılıq riskinin artması;
  5. Şəxsin gələcək peşə və karyera imkanlarının azalması;
  6. Uşağın öz gələcəyi ilə bağlı sərbəst qərar vermək imkanının məhdudlaşdırılması.

Buna görə də, erkən evliliklə mübarizə yalnız hüquqi tədbirlərlə deyil, həm də maarifləndirmə, təhsil və ictimai məsuliyyət vasitəsilə həyata keçirilməlidir.

Azərbaycan Respublikasının Konstitusiyası, Ailə Məcəlləsi, Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və digər normativ hüquqi aktlar uşaqların hüquqlarının müdafiəsi üçün hüquqi təminatlar müəyyən edir. Bu sahədə ən mühüm qanunvericilik yeniliklərindən biri Azərbaycan Respublikasının 28 iyun 2024-cü il tarixli 1198-VIQD nömrəli Qanunudur. Həmin qanunla Ailə, Cinayət və İnzibati Xətalar məcəllələrinə erkən evlilik hallarının qarşısının alınmasına yönəlmiş mühüm dəyişikliklər edilmişdir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, ölkədə nikah yaşı 18 yaş müəyyən edilmişdir. Əvvəllər üzrlü səbəblər olduqda nikah yaşının bir ildən çox olmayaraq azaldılmasına icazə verilməsi mümkün idi. Lakin 2024-cü il dəyişiklikləri ilə Ailə Məcəlləsinin 10.2-ci maddəsi ləğv edilmişdir. Beləliklə, nikah yaşının inzibati qaydada azaldılması imkanı aradan qaldırılmışdır.

Nikahın bağlanması üçün qanunvericilikdə nəzərdə tutulan əsas şərtlərdən biri də nikaha daxil olan şəxslərin yazılı razılığıdır. Ailə Məcəlləsinin 11-ci maddəsinə görə, nikahın bağlanması üçün şəxslərin nikah yaşına çatması, yazılı razılığı və qanunla nəzərdə tutulmuş tibbi müayinədən keçmələrini təsdiq edən arayışın təqdim edilməsi tələb olunur. Buradan aydın olur ki, nikahın bağlanması üçün yalnız ailələrin razılığı kifayət etmir. Nikaha daxil olan şəxslərin özlərinin qanunla müəyyən edilmiş yaşa çatması və sərbəst iradə ifadəsi əsas şərtlərdəndir.

Erkən evliliklə mübarizədə hüquqi mexanizmlərdən biri Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176-1-ci maddəsi nikaha və ya erkən evliliyə məcburetməyə görə cinayət məsuliyyəti müəyyən edir. Belə ki, şəxsi nikaha daxil olmağa məcbur etmə 2000 manatdan 3000 manatadək cərimə və ya iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur etməyə görə isə 3000 manatdan 4000 manatadək cərimə və ya dörd ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Cinayət Məcəlləsinin 176-2-ci maddəsi isə 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə məsuliyyəti müəyyən edir. Belə əməlin uşağın və ya digər tərəfin valideynləri, onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər, yaxud erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsi 2000 manatdan 3000 manatadək cərimə, iki ilədək azadlığın məhdudlaşdırılması və ya iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Yetkinlik yaşına çatmış şəxsin bu əmələ görə məsuliyyəti onunla zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.

Qanunun mühüm məqamlarından biri də budur ki, erkən evlilik dedikdə yalnız rəsmi nikah deyil, yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq da nəzərdə tutulur. Deməli, rəsmi nikahın qeydə alınmaması erkən evliliyin təşkili və ya buna məcburetmə ilə bağlı cinayət məsuliyyətini avtomatik aradan qaldırmır.

Bu normalar bir daha təsdiq edir ki, uşağın erkən evliliyə cəlb edilməsi, buna məcbur edilməsi və belə ittifaqın təşkilində iştirak qanun qarşısında ciddi hüquqi nəticələr yaradır. Valideynlərin razılığı və ya adət-ənənələr qanunla müəyyən edilmiş tələbləri əvəz edə bilməz. Valideyn olmaq övladın hüquqlarını məhdudlaşdırmaq səlahiyyəti demək deyil. Əksinə, valideynlərin əsas vəzifəsi uşağın sağlamlığını, təhsilini, təhlükəsizliyini və qanuni mənafelərini qorumaqdır.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-1, 189-2 və 189-3-cü maddələri erkən evliliyin qarşısının alınması məqsədilə bir sıra əməllərə görə inzibati məsuliyyət müəyyən edir.

İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsinə əsasən, 16 yaşına çatmayan şəxs barəsində onun valideynləri, digər tərəfin valideynləri, onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanma və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə 1000 manatdan 2000 manatadək cərimə və ya bir aydan iki ayadək inzibati həbs tətbiq edilə bilər. Yetkinlik yaşına çatmış şəxsin məsuliyyəti üçün onunla zərərçəkmiş şəxs arasındakı yaş fərqinin beş ildən çox olması tələb olunur.

İnzibati Xətalar Məcəlləsinin 189-2-ci maddəsi yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı nişan, toy və digər mərasimlərin ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən keçirilməsinə görə məsuliyyət nəzərdə tutur. Bu halda fiziki şəxslər 1000–1500 manat, vəzifəli şəxslər 3000–4000 manat, hüquqi şəxslər isə 6000–9000 manat məbləğində cərimə edilirlər. Həmin xəta inzibati tənbeh haqqında qərar qüvvəyə mindikdən sonra bir il ərzində təkrar törədildikdə cərimələr müvafiq olaraq 2000–2500 manat, 5000–6000 manat və 10000–13000 manat təşkil edir.

İnzibati Xətalar Məcəlləsinin 189-3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə fiziki şəxslər 1000 manat məbləğində cərimə edilirlər. Bu əməlin inzibati tənbeh haqqında qərar qüvvəyə mindikdən sonra bir il ərzində təkrar törədilməsinə görə isə 2000 manat cərimə və ya 15 gündən bir ayadək inzibati həbs tətbiq oluna bilər.

Beləliklə, qanunvericilik erkən evliliklə mübarizəni yalnız nikahın bağlanması və ya şəxsin evliliyə məcbur edilməsi ilə məhdudlaşdırmır. Eyni zamanda, azyaşlılar barəsində nişan və evlilik sövdələşmələrinin aparılması, erkən evliliklə bağlı mərasimlərin təşkili və dini kəbinkəsmə də inzibati məsuliyyət yaradan əməllər kimi müəyyən edilmişdir. Bu hüquqi normaların əsas məqsədi erkən evliliyin bütün mərhələlərdə qarşısını almaq, uşaqların hüquqlarını qorumaq və onların gələcəyini təhlükə altına alan hallara qarşı hüquqi mübarizəni gücləndirməkdir.

Uşaqların hüquqlarının qorunmasında valideynlərin üzərinə xüsusi məsuliyyət düşür. Bəzən valideynlər maddi çətinliklər, ailə vəziyyəti, sosial təzyiq, adət-ənənələr və ya yanlış təsəvvürlər səbəbindən övladlarının erkən yaşda ailə qurmasına razılıq verirlər. Lakin heç bir sosial, iqtisadi və ya ənənəvi səbəb uşağın qanunla qorunan hüquqlarının pozulmasına bəraət qazandıra bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsi valideynlərin uşaqların tərbiyəsi, təhsili, sağlamlığı və inkişafı ilə bağlı vəzifələrini müəyyən edir. Valideynlər uşaqlarının hüquq və mənafelərini müdafiə etməli, onların fiziki və mənəvi inkişafı üçün zəruri şərait yaratmalıdırlar. Burada bir məqam xüsusi vurğulanmalıdır: valideynin razılığı uşağın 18 yaşına çatmadan nikaha daxil olmasına hüquqi əsas yaratmır. Həmçinin valideynlərin erkən evliliyi təşkil etməsi konkret hallardan asılı olaraq cinayət və ya inzibati məsuliyyətə səbəb ola bilər. Uşağın gələcəyinə dair qərarlar onun mənafeyi, hüquqları və təhlükəsizliyi əsas götürülməklə verilməlidir.

Erkən evliliklə mübarizə yalnız milli qanunvericiliyin deyil, beynəlxalq hüququn da mühüm istiqamətlərindən biridir. Azərbaycan Respublikası BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına qoşulmaqla uşaqların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklər götürmüşdür. Konvensiyanın 1-ci maddəsinə əsasən, 18 yaşına çatmamış hər bir insan, tətbiq olunan qanunvericiliyə görə yetkinlik yaşına daha əvvəl çatmadığı halda, uşaq hesab olunur. Konvensiyanın 3-cü maddəsi uşaqlarla bağlı bütün tədbirlərdə uşağın mənafeyinin üstün tutulmasını, 19-cu maddəsi isə uşağın fiziki və psixoloji zorakılığın bütün formalarından qorunmasını nəzərdə tutur. Konvensiyanın 28-ci maddəsi uşağın təhsil hüququnu, 24-cü maddəsi isə sağlamlığının qorunması hüququnu təsbit edir. Bu normalar erkən evliliyin qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki erkən evlilik uşağın təhsil, sağlamlıq, təhlükəsizlik və hərtərəfli inkişaf hüquqlarına mənfi təsir göstərir. Eyni zamanda, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın 16-cı maddəsi nikah və ailə münasibətlərində qadın və kişilərin bərabər hüquqlarını, eləcə də nikaha yalnız sərbəst və tam razılıq əsasında daxil olmaq prinsipini təsbit edir.

Qanunvericilikdə məsuliyyət tədbirlərinin müəyyən edilməsi vacib olsa da, erkən evlilik probleminin tam aradan qaldırılması yalnız cəza mexanizmləri ilə mümkün deyil. Bunun üçün cəmiyyətin bütün təbəqələrinin birgə fəaliyyəti zəruridir. Təhsil müəssisələri şagirdlər arasında hüquqi maarifləndirmə işini gücləndirməli, onlara uşaq hüquqları, ailə münasibətləri, gender bərabərliyi və erkən evliliyin nəticələri barədə məlumat verməlidir.

Valideynlər övladlarının təhsil almasına, peşə sahibi olmasına, dünyagörüşünün formalaşmasına və müstəqil şəxsiyyət kimi inkişaf etməsinə dəstək göstərməlidirlər. Müvafiq dövlət qurumları erkən evlilik risklərini vaxtında müəyyən etməli, uşaqların hüquqlarının pozulmasının qarşısını almalı və zəruri müdafiə tədbirləri görməlidirlər. Kütləvi informasiya vasitələri və ictimaiyyət erkən evliliyin hüquqi nəticələri haqqında düzgün məlumat yaymalı, bu problemin ictimai müzakirəsini təşviq etməlidirlər. Hər bir vətəndaş yetkinlik yaşına çatmayan şəxsin hüquqlarının pozulması və erkən evliliyə cəlb edilməsi ilə bağlı məlumatı olduqda aidiyyəti dövlət orqanlarına müraciət etməlidir. Erkən evlilik təhlükəsi ilə üzləşən uşaq və ya onun hüquqlarının pozulmasından xəbərdar olan şəxs polis orqanlarına, prokurorluğa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və digər aidiyyəti qurumlara müraciət edə bilər.

Unutmaq olmaz ki, uşağın hüququnu qorumaq onun arzusuna, seçiminə, təhsilinə və gələcəyinə hörmət etmək deməkdir. Valideynlərin ən böyük vəzifəsi övladlarını vaxtından əvvəl ailə məsuliyyəti altına salmaq deyil, onları həyata hazırlamaq, savadlı, sağlam, müstəqil və öz hüquqlarını bilən şəxsiyyət kimi yetişdirməkdir. Heç bir adət-ənənə uşağın hüquqlarından üstün ola bilməz. Heç bir ailə qərarı uşağın gələcəyini əlindən almamalıdır. Erkən evliliyin qarşısının alınması sağlam ailənin, hüquqi dövlətin və savadlı cəmiyyətin formalaşmasına xidmət edir.

Uşaqlara erkən nikah deyil, təhsil, inkişaf, təhlükəsizlik və xoşbəxt gələcək bəxş edək!

 Məhəmmədəli HÜSEYNLİ                                                                                                                                                                                                             Daşkəsən rayon prokurorunun böyük köməkçisi, II dərəcəli hüquqşünas

Keçidlər