Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Azərbaycan Prokurorluğunun 108 illik dövlətçilik və qanunçuluq salnaməsi

30 sentyabr 2026 | 09:25

Azərbaycan Prokurorluğunun 108 illik tarixi dövlətçilik salnaməmizin mühüm səhifələrindən biridir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə – 1918-ci il oktyabrın 1-də milli prokurorluq orqanlarının fəaliyyətinin əsası qoyulmuşdur. Həmin tarix sonrakı dövrlərdə Azərbaycan prokurorluğunun peşə bayramı gününün müəyyənləşdirilməsi üçün tarixi əsas olmuşdur. Beləliklə, milli prokurorluğun formalaşması Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin inkişafı ilə paralel gedən proses kimi tariximizə düşmüşdür.

Azərbaycan prokurorluğunun müasir inkişaf mərhələsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin dövlətçilik fəlsəfəsində qanunun aliliyi, hüquq və ədalət prinsipləri xüsusi yer tuturdu. O, hüquq-mühafizə orqanlarının cəmiyyət qarşısında məsuliyyətini yüksək qiymətləndirir, bu strukturların fəaliyyətinin dövlətçiliyin möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət etməsini vacib hesab edirdi.

Heydər Əliyevin prokurorluğa münasibəti yalnız dövlət qurumlarından birinə göstərilən diqqət və qayğı çərçivəsində deyildi. Ulu Öndər prokurorluğu qanunçuluğun təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, insan hüquqlarının qorunmasında və dövlət mənafelərinin müdafiəsində vacib funksiyalar daşıyan təsisat kimi dəyərləndirirdi. Onun rəhbərliyi dövründə prokurorluq əməkdaşlarının peşəkarlığının artırılması, fəaliyyətin hüquqi əsaslarının möhkəmləndirilməsi və qurumun müasir dövlətçilik prinsiplərinə uyğunlaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir.

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın dövlətçilik institutlarını yenidən formalaşdırarkən milli prokurorluğun tarixi irsinə də xüsusi ehtiramla yanaşmışdır. Məhz bu yanaşmanın məntiqi nəticəsi olaraq, 1998-ci il iyulun 17-də Ümummilli Lider tərəfindən tarixi əhəmiyyət daşıyan Sərəncam imzalanmışdır. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı gününün hər il oktyabrın 1-də qeyd olunması qərara alınmışdır. Bu qərar milli prokurorluğun inkişaf tarixinin dövlət səviyyəsində qiymətləndirilməsi ilə yanaşı, onun hüquqi dövlət quruculuğundakı roluna verilən yüksək dəyərin ifadəsi idi. Ümummilli Liderin bu sahədə həyata keçirdiyi siyasətin əsas mahiyyəti ondan ibarət idi ki, prokurorluq müstəqil dövlətin hüquq sisteminin tərkib hissəsi kimi öz fəaliyyətini yalnız qanun əsasında qurmalı, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə daim həssas yanaşmalıdır. Bu prinsip sonrakı illərdə Azərbaycan Prokurorluğunun inkişaf konsepsiyasının başlıca qayəsinə çevrildi.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursu hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, müasir idarəçilik prinsiplərinin tətbiqi, maddi-texniki bazanın gücləndirilməsi, əməkdaşların peşə hazırlığının yüksəldilməsi və insan hüquqlarının daha etibarlı qorunmasına dair kompleks tədbirlər bu ardıcıllığın bariz nümunəsidir.

Dövlət başçısının etimadı bizim üçün, ilk növbədə, böyük məsuliyyətdir. Çünki prokurorluq əməkdaşının fəaliyyətinin mərkəzində qanunun tələbləri dayanır. İstintaqın hərtərəfli və obyektiv aparılması, dövlət ittihamının müdafiəsi, vətəndaş müraciətlərinə həssas münasibət göstərilməsi gündəlik xidmətimizin əsasını təşkil edir.

Son illərin ən mühüm reallıqlarından biri də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi ölkəmizin qarşısında yeni tarixi və hüquqi vəzifələr qoymuşdur. Qarabağ və Şərqi Zəngəzurda həyatın yenidən qurulması ilə yanaşı, həmin ərazilərdə prokurorluq fəaliyyətinin bərpası xüsusi məna daşıyır. Burada söhbət yalnız hüquq-mühafizə infrastrukturunun yenidən qurulmasından getmir. Məsələ həm də uzun illər ərzində törədilmiş cinayətlərin hüquqi qiymətləndirilməsi, insan hüquqlarının müdafiəsi, sübutların toplanması və araşdırılması, dövlət ittihamının təmin edilməsi, eləcə də Azərbaycan xalqına və dövlətinə qarşı törədilmiş ağır cinayətlərin hüquqi müstəvidə araşdırılmasından ibarətdir.

Daşkəsən Rayon Prokurorluğunun fəaliyyəti də ümumi prokurorluq sisteminin qarşıya qoyduğu bu vəzifələrdən kənarda deyil. Rayonumuz özünəməxsus coğrafiyası, iqtisadi potensialı, əməksevər insanları və dövlətçilik ənənələri ilə seçilir. Burada qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkili, insan və vətəndaş hüquqlarının qorunması, vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması kollektivimizin gündəlik fəaliyyətinin əsasını təşkil edir.

Daşkəsən rayonunda vətəndaşlarla birbaşa ünsiyyətə hər zaman xüsusi önəm veririk. Çünki prokurorluğun cəmiyyətlə münasibətlərində etimad vacib amildir. Vətəndaş müraciətinin diqqətlə dinlənildiyini, qanun çərçivəsində araşdırıldığını və nəticəsinin ona aydın şəkildə izah edildiyini gördükdə dövlət institutlarına inamı daha da möhkəmlənir.

Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bölgələrdə vətəndaş qəbullarının keçirilməsi də bu məqsədə xidmət edir. 2026-cı ilin iyulunda Baş prokuror hörmətli Kamran Əliyevin Samux rayonunda keçirdiyi qəbulda Daşkəsən sakinlərinin də iştirak etməsi və onların müraciətləri üzrə müvafiq göstərişlərin verilməsi aparılan işlərin davamlı xarakter daşıdığını göstərir.

Rayon Prokurorluğunun hər bir əməkdaşı yaxşı anlayır ki, hüquq qarşısında hamı bərabərdir. Ona görə də, konkret məsələyə yanaşmada şəxsi münasibətlərə deyil, qanunun tələblərini, sübutları və hüquqi prosedurları əsas götürmək bizim dəyişməz prinsipimizdir. İstintaq zamanı obyektivlik, dövlət ittihamının müdafiəsində prinsipiallıq, vətəndaş müraciətlərinin araşdırılmasında diqqət və məsuliyyət xidmətimizin ayrılmaz tərkib hissəsidir.

Prokurorluğun fəaliyyəti yalnız baş vermiş cinayətlərin araşdırılması ilə məhdudlaşmır. Cinayətkarlığın profilaktikası, hüquqi maarifləndirmə, vətəndaşların hüquq və vəzifələri barədə məlumatlandırılması da böyük əhəmiyyət daşıyır. Bu baxımdan dövlət qurumları, təhsil müəssisələri, yerli ictimaiyyət və digər təsisatlarla əməkdaşlığın gücləndirilməsi rayonda hüquq mədəniyyətinin inkişafına töhfə verir.

Müasir dövrdə prokurorluq qarşısında yeni çağırışlar var. Rəqəmsal texnologiyaların sürətli inkişafı, informasiya təhlükəsizliyi, kibercinayətkarlıq, yeni iqtisadi münasibətlər və digər proseslər hüquq-mühafizə fəaliyyətinin daim təkmilləşdirilməsini zəruri edir. Bu reallıq əməkdaşlardan yalnız qanunvericiliyi yaxşı bilməyi deyil, yenilikləri izləməyi, müasir texnologiyalardan səmərəli istifadə etməyi və dəyişən şəraitə çevik uyğunlaşmağı tələb edir.

Azərbaycan Prokurorluğunun ən böyük sərvətlərindən biri də onun formalaşdırdığı sağlam peşə ənənələridir. Bu ənənələrin qorunub yaşadılması isə nəsillər arasında mənəvi və peşəkar varisliyin qorunmasından keçir. Prokurorluq veteranlarının təcrübəsi gənc əməkdaşlar üçün hər zaman əvəzolunmaz məktəbdir. Onların uzun illər ərzində qazandıqları bilik və təcrübə hüquq-mühafizə xidmətinin məsuliyyətini daha dərindən dərk etməyə imkan yaradır.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsiplərinə sadiqlik, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatların mahiyyətindən irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi bundan sonra da fəaliyyətimizin əsas istiqamətini müəyyən edəcəkdir.

108 illik tarix Azərbaycan Prokurorluğunun keçdiyi şərəfli yolun növbəti mərhələsidir. Qarşıda isə daha böyük məsuliyyət, yeni vəzifələr və zamanın diktə etdiyi çağırışlar dayanır. Əminik ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hüquqi dövlət quruculuğu yolunda əldə etdiyi nailiyyətlər bundan sonra da yüksək səviyyədə davam edəcək və Azərbaycan Prokurorluğu qarşısında müəyyən edilmiş vəzifələrin həyata keçirilməsində yeni uğurlara imza atacaqdır.

Şahin İmanov
Daşkəsən rayon prokuroru, baş ədliyyə müşaviri

Keçidlər