Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Azərbaycan Prokurorluğu: 107 il hüququn aliliyinin və dövlət suverenliyinin keşiyində

30 sentyabr 2025 | 08:53

2025-ci il oktyabrın 1-də Azərbaycan Respublikasının prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü tamam olur. Azərbaycan prokurorluğunun əsası 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra – 1918-ci il oktyabrın 1-də qoyulmuşdur.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev məhz həmin tarixi hadisəni əsas tutmaqla milli prokurorluğun demokratik və hüquqi cəmiyyətdə rolunu nəzərə alaraq, hər il oktyabrın 1-ni Azərbaycan Respublikası prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi haqqında 1998-ci il 17 iyul tarixli Sərəncam imzalamışdır. Bu əlamətdar gün özündə ölkəmizdə hüquq-mühafizə sisteminin təşəkkül tapmasında və inkişafında mühüm rol oynamış bir strukturun şərəfli tarixini əks etdirir. Xüsusilə də, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması fonunda prokurorluğun fəaliyyəti daha da aktual və strateji əhəmiyyət daşıyır. 

Azərbaycan prokurorluğu 1920-ci ildən etibarən sovet dövründə mərkəzləşdirilmiş və ittifaq səviyyəsində fəaliyyət göstərsə də, dövlət müstəqilliyimiz bərpa edildikdən sonra tam müstəqil fəaliyyət göstərməyə başlamışdır.

Azərbaycanın müasir hüquq sisteminin, o cümlədən prokurorluq orqanlarının formalaşması və möhkəmləndirilməsi prosesində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri vardır. Məhz onun uzaqgörən siyasəti nəticəsində prokurorluq yenidən təşkil olunmuş, peşəkar kadrlar sistemi qurulmuş, qanunçuluğun və hüququn aliliyinin təmin olunmasına şərait yaradılmışdır. Hələ 1970–80-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə Heydər Əliyev hüquq-mühafizə orqanlarına xüsusi diqqət yetirmiş, prokurorluğun gücləndirilməsi istiqamətində mühüm kadr və struktur islahatları həyata keçirmişdi.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı hüquqi çöküşdən xilas edərək müstəqil dövlətin əsaslarını möhkəmləndirdi. Prokurorluq orqanları da bu dönüş nöqtəsindən sonra yenidən dövlətin dayağına çevrildi. 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası Ümummilli Liderin müəllifi olduğu tarixi sənəd kimi prokurorluğun hüquqi statusunu və funksiyalarını tam şəkildə müəyyən etdi.

Bu gün isə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan prokurorluğu həm maddi-texniki, həm hüquqi baza, həm də beynəlxalq inteqrasiya baxımından sürətlə inkişaf edir. Dövlət başçısının hüquqi islahatlar kursu çərçivəsində prokurorluq orqanlarında şəffaf idarəetmə sistemi qurulub, elektron prokurorluq yaradılıb, gənc hüquqşünasların prokurorluğa cəlbi üçün şəffaf və mərhələli imtahan sistemi tətbiq olunub, korrupsiyaya qarşı mübarizə sahəsində xüsusi prokurorluq strukturu yaradılıb. Prezident cənab İlham Əliyevin dəfələrlə çıxışlarında qeyd etdiyi kimi "qanunun aliliyi və ədalət prinsipi Azərbaycan dövlətinin təməlini təşkil edir" və bu prinsiplərin reallaşmasında prokurorluq orqanlarının rolu əvəzolunmazdır.

Xüsusilə işğaldan azad olunmuş ərazilərdə hüquqi sistemin bərpasında, hüquqi və ictimai   təhlükəsizlik mühitinin yaradılmasında prokurorluq orqanları mühüm funksiyalar icra edir. Prezident cənab İlham Əliyevin bu sahəyə göstərdiyi dəstək sayəsində prokurorluğun inkişafı üçün kadr islahatları, peşəkar təlim proqramları, hüquqi bazanın təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində mühüm addımlar atılmışdır və davam etdirilir. Hibrid təhlükələrə qarşı mübarizədə hüquqi vasitələrin gücləndirilməsi də bu vəzifələrin tərkib hissəsidir.

Prezidenti cənab İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi ölkəmizdə hüquqi maarifləndirmənin, dövlətçilik ideallarının və milli suverenliyin gücləndirilməsi baxımından strateji qərardır. Bu kontekstdə prokurorluq orqanları əhalinin hüquqi savadlılığının artırılması, konstitusiya hüquqlarının müdafiəsi istiqamətində müxtəlif maarifləndirici və digər mühüm tədbirlər həyata keçirir.

Milli prokurorluq orqanlarının 107-ci ildönümünü qeyd etdiyimiz bu günlərdə biz təkcə tarixi yox, həm də gələcəyə dair strateji baxışı dəyərləndirməliyik. Prokurorluq sadəcə cinayətkarlıqla mübarizə aparan bir orqan deyil, o, Konstitusiyanın keşiyində duran, hüququn aliliyini təmin edən və dövlət suverenliyini qoruyan mühüm bir sütundur.

Beləliklə, Azərbaycan prokurorluğunun 107 illik tarixi, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu hüquqi dövlət konsepsiyasına və Prezident cənab İlham Əliyevin davam etdirdiyi strateji islahatlar kursuna əsaslanır. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində bu gün prokurorluq orqanları müasir, çevik, effektiv və xalqın inamını qazanan bir struktura çevrilmişdir.

Yüksək dövlət qayğısını daim öz üzərlərində hiss edən prokurorluq orqanlarının əməkdaşları Azərbaycan Prokurorluğunun 107 illiyini və peşə bayramlarını azad və suveren qalib ölkənin vətəndaşları kimi qələbə əhvali-ruhiyyəsində qeyd edirlər. Azərbaycan prokurorluğunun əməkdaşları dövlətimizin başçı cənab İlham Əliyevin  müdrik və uzaqgörən siyasətini dəstəkləyərək, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsində, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı müdafiəsində var gücləri ilə çalışacaqlar.  

 

Nasir Şükürzadə

 

Daşkəsən rayon prokurorunun

böyük köməkçisi,

II dərəcəli hüquqşünas

Keçidlər